RUSİYA DÜNYANI ACLIQLA ŞANTAJ EDİR – Qərb çıxış yolları axtarır

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Rusiya enerji təchizatında olduğu kimi, ərzaq təchizatından da silah kimi istifadə edir.

Davosda keçirilən Dünya İqtisadi Forumunda danışan xanım Leyen bəyan edib ki, Rusiyanın şantajına qarşı ən yaxşı vasitə qlobal əməkdaşlıq ola bilər: “Ukraynanın işğal altında olan torpaqlarında Kremlin ordusu taxıl məhsulunu və kənd təsərrüfatı texnikasını müsadirə edir. Rusiya hərbi gəmiləri Qara dənizdə taxıl və günəbaxan tumu ilə dolu Ukrayna yük gəmilərini blokadaya salıblar”.

Qeyd edək ki, Avropa İttifaqı Ukrayna taxılının ixracına kömək üçün alternativ logistika marşrutlarının – Ukrayna ilə həmrəylik kanallarının açılışına çağırıb. Aİ-nin aqrar siyasəti üzrə rəhbəri Yanuş Voyçexovski bəyan edib ki, bu təşəbbüs Avropa İttifaqı ölkələrinin kənd təsərrüfatı nazirləri tərəfindən tam dəstəklənib: “Qonşu ölkələr əllərindən gələni edirlər və mən onlara təşəkkürümü bildirirəm”. O əlavə edib ki, Ukrayna ilə qonşu Aİ ölkələri taxılın ixracı üzərində işləyirlər, lakin bu prosesə dəmir yollarında yaranmış problemlər mane olur.

Avropa Komissiyası bildirib ki, Avropanın öz ərzaq bazarı müharibədən təsirlənməyəcək, amma bununla belə Ukraynadan qarğıdalı, buğda, yağ və raps ixracının azalması heyvandarlıq məhsullarının qiymətini qaldıracaq.

Bu arada Britaniya bildirib ki, Ukrayna taxılını daşıyan gəmilərin blokadadan çıxarılması üçün Qara dənizə Britaniya Hərbi Donanmasının gəmiləri göndərilə bilər. Britaniya hazırda Ukrayna portlarının Rusiya tərəfindən blokadasının yarılması məqsədilə Litva ilə niyyət alyans qurmağı müzakirə edir. Bu təşəbbüsə Ukrayna taxılından asılı olan başqa ölkələr, məsələn Misir də qoşula bilər.

Litva xarici işlər naziri Qabrielus Landsbergis bu həftə Londonda britaniyalı həmkarı Liz Trassla görüşündə deyib: “Odessanın Rusiya tərəfindən blokadası qaldırıla bilər və qaldırılmalıdır. Ukraynanın dünyanı yedizdirməsinə imkan verilməlidir”. Britaniyanın başqa rəsmiləri də bildirirlər ki, Ukrayna taxılının idxalı üçün alternativlər var və onlardan istifadə olunmalıdır.


Yaranmış durumu şərh edən politoloq Elxan Şahinoğlu bildirir ki, Beynəlxalq təşkilatlar və böyük dövlətlər Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə fonunda taxıl böhranının həll yollarını axtarırlar. “Rusiya açıq-aşkar Ukrayna limanlarından taxılın ixracatına mane olur. Digər tərəfdən Rusiya Ukraynanın işğal etdiyi ərazilərindən taxıl oğurluğu ilə məşğuldur, kosmosdan çəkilən şəkillər də buna dəlalət edir. Avropa Mərkəzi Bankının proqnozlarına görə dünyada ərzaq məhsullarının qiyməti artmaqda davam edəcək”, – ekspert vurğulayıb.

E.Şahinoğlu mövcud vəziyyətdən Çinin də narahat olduğunu əlavə edib. O xatırladır ki, Çinin xarici işlər naziri Van İ almaniyalı həmkarı Annalena Berbokla son telefon danışığında taxıl böhranına toxunub: “Çinli diplomat deyib ki, Rusiya və Ukraynadan taxılın və digər ərzaq növlərinin ixracatı üçün “yaşıl dəhliz”in yaradılması zəruridir. “Beynəlxalq aləm müharibənin dayandırılmasına çalışmalıdır” deyən Van İ Çinin dünyada aclığın qarşısının alınması üçün bütün tərəflərlə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Çinin xarici işlər naziri son açıqlamasıyla ölkəsinin sülhpərvər olduğunu və dünyanın qlobal problemlərinin həllinə çalışdığını göstərmək istəyib. Ancaq Van İ “yaşıl dəhlizdən” danışarkən bunun həm Ukraynaya, həm də Rusiyaya tətbiq edilməsini təklif edib”.

Politoloqa görə, Qərb bu təkliflə razılaşa bilməz. Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı “yaşıl dəhlizi” yalnız Ukrayna üçün nəzərdə tutublar: “Qərbin işğalçı müharibəyə görə Rusiyaya qarşı sərt sanksiyaları mövcuddur. Misal üçün Rusiya neftinin alıcıları o qədər azalıb ki, neftlə dolu tankerlərə müştəri tapılmır. Çünki Rusiyadan neft alacaq şirkətləri ABŞ-ın sərt sanksiyaları gözləyir. Həmin şirkətlər bank hesablarından köçürmələr həyata keçirə bilməyəcək, Amerikadakı tərəfdaşlarıyla ortaq layihələrdən məhrum olacaqlar. Van İ “beynəlxalq aləm müharibənin dayandırılmasına çalışmalıdır” deyərkən də Rusiyanın maraqlarını arxa plana atmır. Moskva da müharibənin dayandırılmasını istəyir, ancaq öz “şərtləri daxilində”. Həmin “şərtlər” isə Ukraynanın ərazilərinin bir hissəsi ilə itirilməsiylə barışmasını ehtiva edir ki, Kiyev bununla razılaşmayacaq”.“AzPolitika.info”