Rusiya terrorçuluqla məşquldur- Ukrayna Prezidenti Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya rəsmi olaraq terrorizmin sponsoru kimi tanınmalıdır.


XALQ.AZ-ın məlumatına görə, dövlət başçısının mətbuat xidməti xəbər verir ki, bunu o, Kiyevdə səfərdə ABŞ Konqresinin yuxarı palatasının nümayəndə heyəti ilə görüşündə deyib.


Zelenskinin sözlərinə görə, təcavüzkar ölkənin bank sektoruna sanksiya təzyiqinin artırılması xüsusilə vacibdir.


“Mən sanksiyaların daha da sərtləşdirilməsində ABŞ-ın dəstəyinə ümid edirəm. Bundan əlavə, biz hesab edirik ki, Rusiya rəsmi olaraq terrorizmin sponsoru kimi tanınmalıdır”, – prezident vurğulayıb.
 

O qeyd edib ki, Rusiya Ukrayna xalqına qarşı soyqırımı həyata keçirir.
 

“Rusiya bütün dünyanı dəhşətə gətirən müharibə cinayətləri – işgəncələr, kütləvi edamlar, zorlamalar həyata keçirir. Avropa İkinci Dünya Müharibəsindən bəri belə cinayətlər görməyib”, – Zelenski bildirib.


Dövlət başçısı ABŞ-a Ukraynanı dəstəklədiyinə görə təşəkkür edib. O, Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsində ABŞ-ın xüsusi rolunu, xüsusən də Konqres tərəfindən Rusiya neftinin idxalını qadağan edən qanunların qəbulunu, Rusiya və Belarusla ticarət əlaqələrini dayandırmasını qeyd edib.
 

Ukrayna prezidenti ümid etdiyini bildirib ki, ABŞ Senatı Nümayəndələr Palatasında artıq nəzərdən keçirilən və 33 milyard dollardan 39,6 milyard dollara yüksəldilmiş Ukrayna xalqına dəstək üçün əlavə maliyyə paketini tezliklə təsdiqləyəcək.