Növbəti uğursuzluq

Bu gün Fəvvarələr meydanında bir qrup şəxsin keçirmək istədiyi etiraz aksiyasının baxmayaraq ki, əvəlcədən anonsu verilmişdi, tam olaraq fiaskoya uğradı. İki əlin barmaq sayı qədər insanın toplaşdığı bu aksiya o qədər zəif idi ki, hətta bu məkana istirahətə gələn paytaxt sakinləri onların varlığını belə hiss etmirdilər. Aksiyada iştirak edənlərin buraya sifarişlə gəldikləri də bəlli idi. Onların kənardan idarə olunduqları aydın görünürdü. Həmin andaca ifşa olunan bu şəxslər Vətən, torpaq, yaxud hansısa sosial problem naminə bu meydana gəlməmişdilər, onlar yalnız kənar qüvvələrin sifarişini yerinə yetirirdilər. Sayları da az idi, əsasən qadınların cəlb olunduğu aksiyada sözlə deyiləsi mümkün olmayan, hətta mən deyərdim bütün əxlaq normalarından uzaq şüarların səsləndirilməsi bunu deməyə əsas verir ki, bu şəxslər Azərbaycan cəmiyyətinə məxsus deyillər, azərbaycanlı ailəsində tərbiyyə almayıblar, xalqımızın qürurla gəzdirdiyi şərəf və namus kimi insani keyfiyyətdən məhrumdurlar”.

Bu fikirləri  acıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, iştirakçıların çoxunun özlərini jurnalist kimi göstərməsi, müxtəlif rəngli gödəkcələr geyinmiş qızların aktivlik göstərməsi bəzi məqamları üzə çıxarır: “Əvvəla onu deyək ki, Azərbaycan polisi bəzi “demokratların”, Qərb təəssübkeşlərinin ağızdolusu danışdıqları, təbliğ etdikləri Amerika, Fransa polisindən fərqli olaraq çox etik və qanunlar çərçivəsində davrandı, hətta polisin ünvanına açıq şəkildə “Polis olma, adam ol” kimi tərbiyəsiz və təhqiramiz şüarlar səsləndirmələrinə baxmayaraq heç bir zorakılığa yol verilmədi. Cəmiyyətimizə yad, xüsusən Qərbin layihəsi olan, gənclərin əxlaqını korlayan LQBT-nin bayrağı qaldırılması və hətta digər ədəbsiz şüarlar da oldu. Amma asayiş keşikçiləri məsuliyyətli davrandılar, aksiya iştiraksılarının istirahət edən şəhər sakinlərinin kütləviliyindən yararlanmalarına imkan vermədilər. Bəli, belə layihələrin müəllifləri Fəvvarələr meydanını təsadüfən seçməyiblər. Orada iştirak edən “jurnalistlər”in kimliyi də bəlli deyil, heç birini nə Mətbuat Şurası, nə də digər qurumlar tanımır. Həmin qondarma jurnalistlər həm də layihə iştirakçılarıdır. Aksiya keçirilən məkanda ciddi mətbu orqanların nümayəndələrinə yox idi. Təkrar edirəm ki, bu aksiya sosial sifarişli olmadığı, yalnız kənar qüvvələrin drijor çubuğu ilə təşkil olunduğu üçün hadisə statusunda da deyildi. Yadımıza Qazaxıstanda baş verən hadisələri salaq, ABŞ Dövlət Departamentinin birbaşa nəzarətində olan “Amerikanın səsi” və “Azadlıq” radiolarının tutduğu qızışdırıcı yol cəmiyyətdə çaşqınlıq yaratmışdı. Bakıda keçirmək istədikləri bugünkü aksiya ilə bağlı üç gün geniş təbliğat apardılar, təşkilatçılarla müsahibələr, onların dilindən çağırışlar tirajladılar. Amma paytaxt sakinlərinin reaksiyasını, daha doğrusu onlara dəstək verməyəcəklərini əvvəlcədən hesablaya bilmədilər. Ona görə də uğursuzluğa düçar oldular”