Səbail rayonunda şəhid ailələri ziyarət olundu-Fotolar

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının nümayəndələri Vətən müharibəsində böyük şücaətlə döyüşən və Azərbaycanın ərazi bütövlüyü, Vətən torpaqlarının azadlığı uğrunda Şəhadət zirvəsinə ucalan Səbail rayonunun Şəhidləri Qurbanov Murad Asif oğlu, Qənbərov Bilal Xanlar oğlu və Nağıyev Əli Mehman oğlunun ailə üzvlərini ziyarət etdilər.
YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Rayon Şurasının üzvü Faiq Qurbanov, YAP Səbil rayon “Aktyorlar evi” (Azərbaycan Teatr Xadimləri İttifaqı) ərazi ilk partiya təşkilatının sədri, Xalq artisti Hacı İsmayılov, “Kosmos mütəxəssisləri” (“Azərkosmos” ASC) ərazi ilk partiya təşkilatının sədri Ağəli Abbasov, YAP Səbail rayon Gənclər Birliyinin sədri Riyad Rüstəmli, rayon partiya təşkilatının aparat rəhbəri və əməkdaşları Vətən müharibəsində hər biri qəhrəmanlıq dastanı yazan Şəhidlərimizin əbədiyaşar xatirəsini ailə üzvləri ilə birlikdə böyük ehtiramla yad etdilər. Xüsusi vurğulandı ki, Azərbaycan xalqı Vətən torpaqları uğrunda mətanətlə döyüşən, bu yolda Şəhadət zirvəsinə ucalan və tarixi, möhtəşəm Qarabağ Zəfərinə imza atan Murad, Bilal, Əli kimi cəsur, fədakar övladlarının əziz xatirəsini daim uca tutacaqdır.
Qəhrəman Şəhidlərimizin valideynləri və ailə üzvləri dövlətin bütün strukturları və cəmiyyət üzvləri tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür etdilər, Vətənin adını ucaldan və xalqımıza misilsiz qələbə sevincini bəxş edən övladları ilə fəxr etdiklərini bildirdilər.
YAP Səbail rayon təşkilatının nümayəndləri Şəhid ailələrinin üzvləri ilə səmimi söhbət etdilər, onların gündəlik qayğıları ilə maraqlandılar və Azərbaycanımıza yüksək fəxarət, şərəf gətirən bu ailələri daim xüsusi diqqət mərkəzində saxladıqlarını bildirdilər.
Bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhunuz şad olsun, Vətənimizin qəhrəman oğulları!
Şəhid Qurbanov Murad Asif oğlu1996-cı il martın 23-də Salyan rayonunda anadan olmuşdur. Bütün çətinliklərə mətanətlə sinə gərən anası Muradı Vətənə layiq oğul olaraq böyüdüb, ona atasının yoxluğunu heç hiss etdirməyib. Doğmalarının, yaxınlarının, qonşularının qürur mənbəyi idi Murad. 2016-cı Aprel döyüşlərində iştirak etmiş, böyük şücaətlər göstərmiş və igidliyə görə Təşəkkürnamələrlə təltif olunmuşdu.Vətən müharibəsi döyüşlərinə könüllü olaraq getmiş, 11 oktyabrda Hadrut uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Muraddan anasına və bacısına şərəfli ad, göstərdiyi qəhrəmanlıq, çox sevdiyi gümüş qolbağı və aldığı, lakin geyinə bilmədiyi toy kostyumu xatirə qalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhid Qənbərov Bilal Xanlar oğlu 1993-cü il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Bilala 1941-1945-ci illər Böyük Vətən müharibəsinin veteranı olan qəhrəman babasının adı qoyulub. Ailədə 4 uşaq olublar, 3 bacının tək qardaşı olub. Bilal torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinə yollanan ilk könüllülərdən biri idi, sentyabrın 29-da öz doğum günündə Vətən uğrunda gedən döyüşlərə qatılmaq üçün ön cəbhəyə yola düşüb. Qəhrəmanımız Hadrut, Cəbrayıl və Füzuli şəhərləri uğrunda mənfur düşmənə qarşı böyük fəxarətlə vuruşub. Ailəsi Bilalla sonuncu dəfə 31 oktyabrda danışıb. Tələm-tələsik danışırdı, sanki harasa tələsirdi. “Vətənə bir xeyrim olsun.”- deyirdi. Sevinirdi, torpaqlarımız özümüzə qayıdırdı çünki. “Bilmək olmaz, bu son danışığımız da ola bilər. Allaha əmanət olun, qızımdan muğayat olun. Ordumuza dua edin, çünki bizi dualarınız qoruyur. Bilmək olmaz, elə yerə gedirik ki, dönüşü olmaya bilər.” Bu, Şəhidimizin ailəsinə son sözləri oldu. Bilal şərəfli Şəhadət zirvəsinə 3 noyabrda məhz Şuşa uğrunda gedən döyüşlərdə yüksəlib. İndi ailəsi üçün Şuşanın alındığı gün Bilalın yeni doğum günüdür. Şəhidimizin Vətənə əmanət bir qız övladı var. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhid Nağıyev Əli Mehman oğlu 1991-ci il dekabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Sadə və zəhmətkeş ailənin oğludur. Çox utancaq və mədəni biri idi Əli. Bu sakit təbiətli Vətən övladı bir an belə büdrəmədən torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılmış, Füzuli, Cəbrayıl, Şuşa uğrunda döyüşlərdə iştirak etmiş və oktyabrın 22-də Laçın istiqamətindəki döyüşlərdə Şəhadət zirvəsinə ucalmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin! Vətən sağ olsun!

XALQ.AZ