“Şəffaflığın təmin olunması ölkə iqtisadiyyatının inkişafına müsbət təsirlərini göstərəcək” – Deputat

“Müzakirə olunan qanun layihəsi qarşıda duran yeni çağırışlarla bağlıdır. Ölkəmizdə elektron ticarətin sürətləndirilməsi, nağdsız əməliyyatların artırılması ilə bağlı aparılan işlər və şəffaflığın təmin olunması ölkə iqtisadiyyatının inkişafına müsbət təsirlərini göstərəcək”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Mahir Abbaszadə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, müzakirə olunan qanun layihəsi təhlükəsizliyin təmin olunması baxımından çox vacib məqamdır:

“Elektron sistemlərin ölkəmizdə yeni tətbiq olunması, bəzi insanlarda məlumatın az olması nöqteyi-nəzərdən, xüsusilə, nağdsız ödənişlər sisteminə yeni keçirilməsi bəzi adamlarda olan təcrübəsizlik son nəticədə istehlakçıların hüquqlarının pozulması və süni halların artmasına səbəb olmuşdu. Bu baxımdan, elektron ödənişlərdə qanunların tətbiq edilməsi, nizam-intizam qaydalarının yaradılması çox vacib məqamlardandır. Bu sahədə ciddi islahatlara ehtiyac var. Hesab edirəm ki, bu qanun layihəsi təhlükəsizliyin təmin olunması, istehlakçıların hüquqlarının müdafiəsi nöqteyi-nəzərdən vacib məqamlardan biridir”.