“İnsanlar sübuta yetirilməyən, şayiə şəklində yayılan məlumatlara daha çox reaksiya verirlər” – Deputat

Son zamanlar ürəktutmasından ölənlərin sayının artmasının pandemiya dövründə vurulan peyvəndlərdən qaynaqlandığı iddia olunur. Bəzi ekspertlər bildirirlər ki, koronavirus əleyhinə vaksinlərin tətbiqi zamanı bir sıra alimlərin “elə bir vaxt gələcək, peyvəndlər öz fəsadını göstərəcək, insanlar dayandıqları yerdə ürəktutmasından vəfat edəcəklər” diaqnozu özünü doğruldur. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov isə bir neçə gün öncə mətbuata açıqlamasında məsələyə aydınlıq gətirərək deyib ki, heç bir fakt olmadan belə fikrin yayılması peyvəndlərə qarşı əks təbliğata çevrilə bilər, bu isə ürək-damar sistemi xəstəliklərindən daha ciddi problemlərin ortaya çıxmasına səbəb ola bilər… R.Mahmudovun açıqlaması fonunda türkiyəli alimlər Özlem Türeci və Uğur Şahin tərəfindən Almaniyada qurulan “BioNTech” şirkətinin məhkəməyə verilməsi məsələsi gündəmə gəlib. Bildirilib ki, qaldırılan iddiada sözügedən şirkətin istehsal etdiyi koronavirusa qarşı peyvəndin insan orqanizminə zərər verdiyi, peyvənd olunduqdan sonra insanlarda ürək ritminin pozulması və beyində problemlərin ortaya çıxdığı vurğulanıb…

Bununla bağlı  Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, hər bir insanın şübhəsi üzərinə hansısa qurumu hüquqi müstəvidə məhkəməyə vermə haqqı var.

“Amma subyektiv dəyərlər üzərindən deyil, real, tibbi cəhətdən sübuta yetirilmiş datalara – rəqəmlərə baxdığımız zaman peyvəndlərin ürək-damar xəstəliyinə qalıcı şəkildə səbəb olması, yaxud ölümə səbəb olması ilə əlaqədar dünyada tək bir nümunə belə yoxdur. Peyvəndlərin və xəstəliyin yaratmış olduğu miokarditlər burun axıntısı kimi keçici bir hadisə olaraq qiymətləndirildi – bütün bədəndəki digər orqanlarda olan reaksiyalar kimi. Hansısa tanınmış bir insan ürəktutmasından həyatını itirdikdən sonra müzakirələrin yenidən peyvəndlərlə əlaqələndirilməsi reallığı əks etdirmir. Təəssüflər olsun ki, bu, sadəcə, dünyada uzun illərdən bəri tarix boyunca peyvəndlərə qarşı davam edən, hələ də heç bir şəkildə əsası olmayan mübarizənin nəticəsidir. İnsanlar da belə sübuta yetirilməyən, şaiyə şəklində yayılan məlumatlara daha çox reaksiya verirlər”, – həkim deyib.

R.Mahmudov Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadənin də bir neçə gün öncə ürəktutmasından dünyasını dəyişməsinin müzakirə yaratmasına yenidən aydınlıq gətirib: “Azərbaycanın dəyərli jurnalisti, vətənpərvər oğlu Zülfüqar bəyin həyatını itirməsinin peyvəndlə əlaqələndirilməsi də doğru deyil. Ürək-damar xəstəlikləri ilə bağlı ölümlər dünən olduğu kimi bu gün də, bu gün olduğu kimi sabah da dünyada ani ölümlərə və ən çox ölümə səbəb olan bir nömrəli xəstəlikdir. Əfsus ki, bu, həmişə belə olub, bundan sonra da belə olacaq. Zülfüqar bəyin kəskin ürək çatışmazılığı səbəbindən iki il əvvəl – hələ insanlar peyvənd olunmadan əvvəl, koronavirusun başladığı ilk dönəmlərdə  ürəyinə müdaxilə olunub, stend qoyulub. Bütün bunlar Zülfüqar bəyin ürəktutmadan dünyasını dəyişməsinin peyvəndlə əlaqəli olmadığını onsuz da göstərir. Buna görə də reallıqları sizə bildirməyi özümə borc bilirəm. Əlbəttə, real bir nəticə olarsa, peyvəndlərin yan təsirinin olduğu sübuta yetirilərsə, belə bir fikir formalaşarsa, bu, dünyada geniş rezonans doğurar. Bu günə qədər spekulyativ şəkildə ortaya atılmış məhkəmə işlərinin, eləcə də düşüncələrin, yazıların heç bir əsası yoxdur. Düşünürəm, peyvəndə qarşı aparılan anti-təbliğat ürək-damar xəstəliklərindən daha böyük təhlükələrə səbəb ola bilər. Hansı ki o peyvəndlər sayəsində bizlər dünyanın ən böyük təhlükəli xəstəliyinin zaman içərisində insan üçün təhlükə yaratmadığını gördük, sadəcə bir qrip kimi keçirilməsinə nail olduq”.