Şəmkirdə su problemi

47

 

Şəmkir rayon Zəyəm qəsəbəsi Natavan küçəsinin sakinlərinin verdiyi məlumata görə, sözügedən ünvana illərdir su verilmir. Camaat içməli suyu pulla alır. Bir maşın suyun qiyməti isə 25-30 manatdır. Kəndin yaxınlığında artezian quyusu var. Suyunun duzlu olmasına baxmayaraq sakinlər arteziandan həyətlərinə su çəkib, ancaq o da gəlmir.

Qəsəbə sakinlərinin sözlərinə görə, ərazidə həmişə su problemi olub: “İçməli su tapmırıq. Artezian suyu duzludur. Həyətə arteziandan su çəkmişik, ancaq o da gəlmir. Arteziana sayğac quraşdırıblar. Artezianın yazdığı işığın pulunu su pulu kimi bizdən yığırlar. Hər ay 5 manat. Su versələr, pul verməyimiz bizi yandırmaz. Xalq.az-a verilən diğər məlumata görə yeni çəkilən su xətti üçün qəsəbə icra nümayəndəsi Hümbətov Valeh hər evdən 30-50 manat pul yığır.

Burdan aidiyyatı qurumlara səslənirik ki, bizim su problemimizi həll etsinlər”.
Məsələni araşdırmaq üçün Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışdıq. Dəfələrlə zəng etməyimizə baxmayaraq telefonlarımıza cavab verən tapılmadı.

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq