Sənətçimiz Türkiyədə tamaşa hazırlayacaq

Teatr

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Nofəl Vəliyev tamaşa hazırlamaq üçün Türkiyədən dəvət alıb.

XALQ.AZ-ın məlumatına görə, dəvət məktubu Türkiyənin Antalya Böyük Şəhər Bələdiyyə Teatrının bədii rəhbəri Məhmət Özgür tərəfindən göndərilib.

İstedadlı aktrisa və yazar Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırlanacaq tamaşanın məşqləri avqustun 10-dan sentyabrın 14-dək keçiriləcək.

Ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin sənət və mədəni səviyyədə möhkəmlənməsini təmin edən yeni tamaşanın hazırlanması üçün aktyor Nofəl Vəliyev avqustun əvvəllərində Türkiyəyə gedəcək.

Otuz illik tarixə malik Antalya Böyük Şəhər Bələdiyyə Teatrı hazırladığı maraqlı səhnə əsərləri ilə bir sıra beynəlxalq festivallarda uğurla iştirak edib.