Sabah axşamdan hava soyuyur

Payiz

Sabah axşamdan havanın temperaturu enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Güclü cənub-qərb küləyi axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-20, günün birinci yarısında 28-33, axşama doğru 20-23 dərəcə isti olacaq.

Rayonlarda sabah gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Axşam bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 5-10, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Qeyd edək ki, sentyabrın 25-dən ölkə ərazisində hava kəskin dəyişəcək. Havanın temperatur 5-10˚ enəcək, yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək.
Sentyabrın 24-də havanın temperaturu 33 dərəcəyə kimi yüksəlsə də, bir gün sonra temperatur 20 dərəcəyə düşəcək.
Belə qeyri-sabit hava şəraitinin sentyabr ayının 25-26-da davam edəcəyi gözlənilir.