Sabunçuda icra başçısı-deputat qarşıdurması

IH

Hacı Qalib: “Adil Vəliyevin fəaliyyəti ilə bağlı geniş müsahibə verəcəm”

İcra hakimiyyəti: ” Bu Prezidentin siyasətidir və biz bu siyasətə sadiqiq”

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə bu rayondan seçilən deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə arasında ciddi qarşıdurma yaranıb.

Rayonda nüfuz sahibi olan millət vəkilini hədələyən icra başçısı onun qarşıdan gələn seçkilərdə deputat seçilməsinə imkan verməyəcəyini bəyan edib.

Bununla bağlı informasiya Editor.az-a özəl mənbələrdən daxil olub.

Mənbə iddia edir ki, konfliktin yaranmasına səbəb Kürdəxanı, Bilgəh və Pirşağı sakinlərinin icra başçısının qanunsuz fəaliyyəti ilə bağlı deputata şikayət etməsi olub. İcra başçısını sakinlərin problemlərini həll etməyə çağıran millət vəkili hədəf götürülüb və rayondakı bütün qurumlara Hacı Qalibin əleyhinə iş aparmaq tapşırığı verilib.

Editor.az yayılan məlumata aydınlıq gətirmək üçün Milli Məclisin deputatı Hacı Qalib Salahzadə ilə söhbətləşib. Portalımıza açıqlamasında millət vəkili icra başçısı ilə arasında qarşıdurma olması xəbərini təsdiq edib. Lakin bu barədə hələki ətraflı danışmaq istəmədiyini deyib: “Problem var, amma nədən qaynaqlanıb, hələki bu barədə danışmaq istəmirəm. Yaxın günlərdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin fəaliyyəti ilə bağlı geniş müsahibə verəcəm”.