Sevgilisinin qayınanasını öldürən şəxsə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Ağcabədidə qadını öldürməkdə təqsirləndirilən Seymur Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayəti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü dəyişdirilib.

Belə ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif edilib və o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkum Ali Məhkəməyə üz tutub.

Qeyd: 1962-ci il təvəllüdlü Faxrəndə İbrahimovanın 2020-ci ilin fevral ayının 23-də Ağcabədi şəhərində yerləşən evinin həyətində ölmüş vəziyyətdə aşkar olunması faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması İstintaq idarəsinə həvalə edilib.

İstintaqla Yevlax rayonunun Bəydilli kənd sakini, 1992-ci il təvəllüdlü Cəfərov Seymur Elxan oğlunun 22.02.2020-ci il tarixdə saat 01 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olmasının ifşa edilməsinin qarşısını almaq məqsədilə bundan xəbərdar olan sonuncunun qaynanası Faxrəndə İbrahimovanı çarpayıda uzanıqlı vəziyyətdə yastıqla ağız nahiyəsinə sıxıb qəsdən həyatdan məhrum etməsinə əsaslı şübhələr müəyyən edilib.

Seymur Cəfərov 08.02.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırlatma: Əfsanə Cəfərova 1 fevral 2022-ci il tarixində “ARB” televiziya kanalının “Səni axtarıram” adlı verilişində qaynanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olduğunu bildirmişdi.