media-sev

Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova fevralın 14-də Nyu-Yorkda “Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: maliyyə, institutlar və siyasət” mövzusunda BMT-də keçirilən IPU-nun parlament dinləmələrində çıxış edib.

XALQ.AZ xəbər verir ki, “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq ticarət: İxrac yönümlü artım vasitəsilə yoxsulluğun aradan qaldırılması vəzifəsi” mövzusunda müzakirələr zamanı S.Mikailova qeyd edib ki, dayanıqlı inkişaf üzrə 2030-cu ilə qədər gündəlikdə beynəlxalq ticarət inklüziv iqtisadi artım və yoxsulluğun azaldılması üçün aparıcı qüvvə kimi qəbul edilir.

“Ayrı-seçkiliyə yol verməyən, qaydalara əsaslanan, açıq və bərabər mühit olmadan ticarətlə bağlı olan 10, 11 və 12-ci məqsədlər də daxil olmaqla 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaqdan danışmaq mümkün deyil. Son onilliklərdə qlobal ticarətin və sərmayənin əhəmiyyətli artımı hər kəsə fayda gətirməyib. Belə ki, 142 inkişaf etməkdə olan ölkədən 95-i əmtəə ixracından asılıdır, bu isə ərzaq və xammal qıtlığı və qiymət dəyişiklikləri ilə nəticələnir. Məsələn, IPU-nun hesabatında qeyd edildiyi kimi, 2023-cü ildə qlobal səviyyədə hədəfə nail olunmayıb. Sabit ixrac və idxal zəncirini necə təmin edə bilərik? İlk növbədə mövcud potensialdan səmərəli istifadə etmək lazımdır. Bu xüsusda qeyd etmək lazımdır ki, 2024-cü ildə Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanı iqtisadi artım və inkişaf üçün ən yüksək potensiala malik yeddi ölkə sırasına daxil edib”, – o bildirib.

Deputat vurğulayıb ki, Azərbaycanın qeyri-neft məhsullarının xarici bazarlara ixrac imkanlarının genişləndirilməsində mühüm irəliləyişlər əldə olunub ki, bu da iqtisadiyyatın şaxələndirilməsinin və ölkənin rəqabət qabiliyyətinin artırılmasının uğurlu nümunəsidir.

“Qanunvericilik bazası təkmilləşdirilib, ixrac məhsullarının istehsalı stimullaşdırılıb və ixrac infrastrukturu yaxşılaşdırılıb. Azərbaycanın timsalında qeyd edərdim ki, ixrac və idxal zəncirinin səmərəliliyi üçün nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi vacibdir. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq strategiyası bir-biri ilə əlaqəli olduğundan sənaye, qanunvericilik və nəqliyyat seqmentlərinin vahid sistemdə tənzimlənməsi zəruridir”, – S.Mikayılova bildirib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı ilə Sevil Mikayılova və Milli Məclisin deputatı Soltan Məmmədov Parlament Spikerlərinin 6-cı Dünya Konfransının, Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrinin iclaslarında və BMT-də parlament dinləmələrində iştirak etmək üçün Nyu-Yorkda səfərdədirlər.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlər daxil olmaqla 300-ə yaxın iştirakçının qatıldığı dinləmədə Dayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağın yolları ətraflı nəzərdən keçirilir, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparılır. Trend

Deputatların Nyu-York səfəri fevralın 16-da başa çatacaq.


media-ads728x90

Bənzər xəbərlər