Sevinc Fətəliyeva: Azərbaycanla Belarus strateji tərəfdaş və dost ölkələrdir

Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair mühüm sənədlər imzalandı.

XALQ.AZ xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanla Belarus strateji tərəfdaş və dost ölkələrdir. Səfər çərçivəsində iqtisadi, hərbi-texniki, humanitar və digər sahələrdə münasibətlərin inkişafına dair məsələlər diqqət mərkəzində oldu. Belarus ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın böyük potensialı var. Rəsmi səfər zamanı razılaşdırılmış məsələlər, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri ölkələrimiz arasında onsuz da dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Belarus ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlığın bariz nümunəsidir. Həqiqətən də iki ölkə arasında əlaqələrin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən Belarus-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır, uğurla inkişaf edir.

Deputat Belarusun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutmasının önəmini vurğulayaraq deyib ki, rəsmi Minsk münaqişənin Azərbaycanın ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıdır.

 

Orxan