Şeyx konfransda

 

8

Rusiya Federasiyasının Tatarıstan Respublikasında Voljsk Bulqar tərəfindən İslamın qəbul edilməsinin 1125-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlər keçirilmişdir.

Bununla əlaqədar Kazanda keçirilmiş tədbirlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan din xadimlərinin nümayəndə heyəti iştirak etmişdir.

Nümayəndə heyətinin tərkibinə QMİ sədrinin birinci müavini müfti Salman Musayev, Bakı və Azərbaycan Rus Pravoslav kilsəsinin arxiyepiskopu Aleksandr İşşein və başqaları daxil olmuşlar.

Xalq.az xəbər verir ki, iyunun 14-də təntənəli tədbirlərdə iştirak edən nümayəndə heyətləri Tatarıstan Prezidenti Rüstəm Minnixanov ilə görüşmüşlər.

Görüş Kazandan 200 kilometrlik məsafədə yerləşən Bulqar şəhərindəki “Ağ məscid” kompleksinin inzibati binasında keçirilmişdir.

Rüstəm Minnixanov görüşü açaraq tədbirlərdə iştirak etməyə gəlmiş fəxri qonaqlara minnətdarlığını bildirmişdir. Tatarıstan Prezidenti demişdir: “Bu torpaqda ulu babalarımız İslam dininə etiqad etmək kimi taleyüklü qərar qəbul etmişlər. Biz bu müqəddəs yeri qoruyub saxlaya bilmişik və bu gün bu məkan ziyarətgah olmaqla yanaşı, həm də turistlərin gəldikləri bir yerdir”.

Sonra müsəlman icmaların görüşdə iştirak edən liderləri iştirakçıları salamlamışlar. Qonaqlar böyüməkdə olan nəsil ilə aparılan işin əhəmiyyətini vurğulamış, dində ekstremizm təzahürlərinə qarşı birlikdə mübarizə aparmağa hazır olduqlarını bildirmişlər.

Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Talqat Tacuddin xatırlatmışdır ki, bir gün əvvəl Tatarıstanda din xadimlərinin forumu keçirilmişdir. O demişdir: “Biz görüşdük, fikir mübadiləsi apardıq. Qeyd etmək istəyirəm ki, son illər Tatarıstan Respublikasında xeyli müsbət dəyişikliklər olmuşdur, tatar imamlarının apardıqları maarifləndirmə işi də yaxşı nəticələr verir”. T.Tacuddin dini liderlərin belə görüşlərinin hər il keçirilməsini təklif etmişdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Müsəlmanları Məsləhət Şurasının sədri şeyxülislam Allahşükür Paşazadə toplaşanlara müraciət edərək xüsusi vurğulamışdır ki, tatar xalqı həmişə öz tarixinə, ənənələrinə, qaynaqlarına böyük diqqət yetirmişdir. O demişdir: “Bu gün bizim buraya toplaşmağımız onu göstərir ki, biz birlikdəyik”.

Şeyxülislam Prezident İlham Əliyevin və Azərbaycan xalqının səmimi təbriklərini və xoş arzularını Prezident Rüstəm Minnixanova və bütün Tatarıstan xalqına çatdırmışdır. Şeyxülislam A.Paşazadə demişdir: “Qardaş xalqlarımızı birləşdirən əsas tarixi vəsilə müqəddəs İslam dinidir. Hər dəfə mən sizin bəxtiyar ölkənizə gələndə Tatarıstan müsəlmanlarının həyatında İslam ənənələrinin dirçəldilməsi və möhkəmləndirilməsi ilə əlaqədar faydalı dəyişiklikləri görüb sevinirəm. Burada mənəviyyatın inkişafına əhəmiyyət verilməsi, tatar xalqının milli və mədəni irsinə qayğı ilə yanaşılması hər cür tərifəlayiqdir. Rusiya dövlətinin və hökumətinin qayğısı, respublika rəhbərinin səyləri, habelə Tatarıstan Ruhani İdarəsinin himayəçiliyi ilə keçirilən tədbirlər sayəsində Tatarıstan Rusiyanın müsəlman dini-mənəvi mərkəzlərindən birinə çevrilmişdir”.

Görüşdə Tatarıstan, Qazaxıstan, Qırğızıstan, Belarus, Türkiyə və Ukrayna müftiləri də çıxış etmişlər.

Tatarıstan Respublikasının Prezidenti şeyxülislama və görüşün digər iştirakçılarına təşəkkür etmişdir O demişdir: “Biz həmfikirlərik, İslamı təbliğ edirik. Dinimiz çətin vaxtlarını yaşayır. Terrorizmin dini yoxdur. Buna görə də biz hamımız əlbir olmalı və belə təzahürlərə birlikdə qiymət verməliyik. İslam yalnız xeyri təbliğ edir, ulu babalarımız bizi belə öyrətmişlər”.

Sonra İslamın Voljsk Bulqar tərəfindən qəbul edilməsinin 1125-ci ildönümü ilə əlaqədar dünyada çap olunmuş ən böyük Quranın saxlandığı Bulqar Dövlət Tarix-Arxitektura Muzey-Qoruğunun ərazisində 30 min nəfərdən çox adamın iştirak etdiyi tədbirlər keçirilmişdir. Burada dünyanın müxtəlif ölkələrində müsəlmanların 30 dilə tərcümə etdikləri Quranların sərgisi iştirakçılara təqdim olunmuşdur.