Snayperlərimiz dünyaya təqdim edildi

Snayper

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən XIV Asiya Müdafiə Xidmətləri Sərgisində (DSA-2014) nümayiş etdirilib. Nazirlikdən verilən məlumata görə, bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Malayziyada səfərdə olub.

Dünyanın ən böyük beş müdafiə sənayesi sərgisindən biri olan “DSA-2014”-də Müdafiə Sənayesi Nazirliyi 132 adda müdafiə təyinatlı məmulatla təmsil olunub.
MSN bu sərgidə nazirliyin müəssisələrində yaradılan və istehsal olunan “İstiqlal”, “Mübariz”, “Yalquzaq” snayper tüfənglərini, tank və zirehli texnikalar üçün pulemyotu, hücum pulemyotunu, ilk dəfə olaraq universal pulemyotu, “Zəfər”, “Zəfər-K” və “İnam” tapançalarını, pilotsuz uçuş aparatlarını, aviasiya təlim bombasını, müxtəlif çaplı sursatları, əleyhqazları və s. məmulatları nümayiş etdirib.

Nümayiş etdirilən məmulatlar sərgidə iştirak edən və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb
MSN stendində cari ilin sentyabr ayında Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisinin təqdimatı da keçirilib.
“DSA-2014” sərgisinin açılışından sonra iştirak edən və qonaq qismində qatılan ölkələrin nümayəndələri MSN-in stendini ziyarət ediblər. Ziyarətçilərə nümayiş etdirilən məmulatlar barədə nazirliyin mütəxəssisləri tərəfindən geniş məlumat verilib. Sərgi zamanı Azərbaycanda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı da ətrafı məlumatlar verildi və dəvətlər çatdırılıb.

Səfər çərcivəsində nazir Yavər Camalovun MSN-in stendini ziyarət edən Malayziyanın müdafiə naziri Hişammuddin Tun Hüseyni və Türkiyə müdafiə nazirinin müavini Hasan Kamal Yardımçı, Əmniyyət Baş İdarəsinin rəhbəri Mehmet Kılınclar, Pakistanın böyük müdafiə şirkətlərindən olan GİDS Korporasiyası İdarə Heyətinin sədri Zübeyir İqbal Malikin və Tailandın Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşləri olub.

Görüşlər zamanı nazir Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumatlar verib.
Görüşlərdə müdafiə sənayesi üzrə qaşılıqlı əməkdaşlıq məsələləri müzakirə edildi və bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsinə dair ümumi razılıq əldə olunub. Eyni zamanda, görüş iştirakçıları sentyabr ayında Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisinə dəvət ediliblər.