SOCAR-dan yenilik

 

54

 

Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni loqotipinin təqdimatı olub. Tədbirdə həmçinin Bakı Avropa Oyunları əməliyyat komitəsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında sponsor sazişi imzalanıb.XALQ.AZ xəbər verir ki, tədbirin əvvəlində SOCAR-ın yeni loqotipi təqdim edildi və loqotiplə bağlı videoçarx nümayiş olundu.
Tədbirdə SOCAR-ın yeni loqotipinin müəllifi Tomos Zaqildeş çıxış edərək Azərbaycanın inkişafından söz açdı. O, loqotipdəki elementlər barədə danışaraq bildirdi ki, burada etimad, məsuliyyət, bilik və təcrübə elementləri əks olunub. Bütün bunlar SOCAR-ın fəaliyyətinin əsas meyarlarıdır.
Loqotip alov simvolu üzərində qurulub. Yeni loqotipdə Azərbaycanın dövlət bayrağının rəngləri əksini tapıb. Göy, qırmızı, yaşıl rəngli alov dilləri simvolu ilə bu loqotip Azərbaycanı beynəlxalq arenada müasir, sevilən, güvənilən bir ölkə kimi təbliğ etməyə daha geniş imkan yaradacaq. Loqotipin diqqəti cəlb etməsi və asan tanınması da nəzərə alınıb. O, vizual effektlərlə işlənmək üçün daha mütəhərrikdir. Bu isə həm yerli, həm də beynəlxalq kontekstdə çevik bir şirkət kimi SOCAR-ın simasını daha yaxşı əks etdirəcək.
SOCAR-ın artıq beynəlxalq arenada geniş nüfuz qazandığını deyən Tomos Zaqildeş şirkətin həm də “Avro 2016” və “Montre caz” festivalının əsas tərəfdaşı, Dünya iqtisadi forumunun strateji tərəfdaşı olduğunu dedi.
Sonra Bakı Avropa Oyunları əməliyyat komitəsi ilə SOCAR arasında sponsor sazişi imzalandı. Sazişə əsasən, SOCAR-ın Azərbaycan, İsveçrə, Gürcüstan, Rumıniya və Ukraynadakı yanacaqdoldurma məntəqələrində Avropa Oyunlarının təbliği nəzərdə tutulur.
Çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki “Əsrin müqaviləsi”nin 20 illiyi və “Cənub” qaz dəhlizinin təməlinin qoyulması ilə bağlı keçirilən mərasimlərin tarixi hadisə olduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycan son dövrlərdə sürətli inkişaf yolu keçib, müxtəlif sahələrdə beynəlxalq tədbirlərə layiqincə ev sahibliyi edib.
Avropa Olimpiya Komitəsinin prezidenti ölkəmizdə yaradılan müasir idman infrastrukturundan danışdı, Birinci Avropa oyunlarının Bakıda keçirilməsinin Azərbaycanın idman mədəniyyətini nümayiş etdirmək və idmana olan marağı daha da artırmaq baxımından əhəmiyyətini diqqətə çatdırdı.
Tədbirin sonunda Birinci Avropa oyunlarına hazırlıqla bağlı videoçarx nümayiş olundu.