“Son 1 ildə 460 milyon dəfə əməliyyat həyata keçirilib” – Tahir Mirkişili

Son 1 ildə 460 milyon dəfə əməliyyat həyata keçirilib. Hazırda ölkədə ödəniş kartlarının sayı 13,6 milyondur. Son 5 ildə kart əməliyyatları 8 dəfə artıb.

Bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iyunun 22-də keçirilən iclasında deyib.

Komitə sədri bildirib ki, ödəniş əməliyyatlarının tənzimlənməsi zərurətdən yaranıb. Təqdim olunan yeni “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi olan 9 fəsil, 68 maddədən ibarətdir.

Sənədə əsasən, ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Mülki Məcəllə, həmçinin “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Poçt haqqında” qanunlar, bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarla, Mərkəzi Bankın müvafiq olaraq qəbul etdiyi normativ xarakterli aktlarla tənzimlənir.

Ələt Azad İqtisadi Zonasında isə ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.