Deputat: “30 000-ə yaxın məcburi köçkün idman yarışlarında iştirak etmək imkanı əldə edib”

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Nigar Arpadarainin hazırladığı “Miqrantların, qaçqınların və məcburi köçkünlərin idman vasitəsilə sosial inteqrasiyası” adlı məruzəsi müzakirə olunub.

Əvvəlcə Milli Məclisin deputatı Nigar Arpadarai hazırladığı məruzəni təqdim edib. Sonra məruzə ətrafında müzakirələr aparılıb.

Azərbaycanlı deputat qaçqınların, məcburi köçkünlərin və miqrantların sosial inteqrasiyasında idmanın mühüm rolunu qeyd edib.

“Azərbaycanda idman həmişə gənclərin, xüsusən də qaçqınların və məcburi köçkünlərin sosial inklüzivliyini yaxşılaşdırmaq üçün vacib vasitə kimi qiymətləndirilib. Son on il ərzində dövlət tərəfindən qaçqınlar və məcburi köçkünlərin ən çox məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Tərtər rayonlarında və digər rayonlarda 100 müasir yaşayış kompleksi və 805 idman mərkəzi tikilib, müxtəlif şəraitli (idman zalları, futbol və voleybol meydançaları, tennis kortu, idman zalları, hovuzlar və s.) olimpiya kompleksləri ucaldılıb. Azərbaycan, həmçinin öz rayonlarında “Əyləncəli Futbol Məktəbləri” Assosiasiyasının Mədəniyyətlərarası beynəlxalq layihəsini həyata keçirib. Bu layihə futbol matçları təşkil etməklə yerli icmalar ilə miqrantlar, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla ən həssas və təcrid olunmuş əhali arasında möhkəm əlaqələr qurmaq məqsədi daşıyır. Azərbaycanda 3839-u qadın olmaqla 30 000-ə yaxın məcburi köçkün peşəkar idmançı kimi məşq etmək və idman yarışlarında iştirak etmək imkanı əldə edib”,-deyə N. Arpadarai Azərbaycanda idman, eləcə də qaçqın və məcburi köçkünlərin inteqrasiyası sahələrində görülən işlərdən danışıb.

Qeyd edib ki, idman və fiziki fəaliyyət təcrübəsi miqrantlara, qaçqınlara, sığınacaq axtaranlara və məcburi köçkünlərə dəstək tapdıqları mühitin bir hissəsi olmaq və sosial əlaqələri daha asan gücləndirmək imkanları təklif edə bilər. Avropa Şurası Nazirlər Komitəsinin 1992-ci ildə Yenidən İşlənmiş İdman Etikası Məcəlləsində vurğulandığı kimi, “İdman insanın özünü daha yaxşı tanımasına, özünü ifadə etməsinə imkan verən, ədalətli şəkildə həyata keçirilən fəaliyyət kimi qəbul edilir. İdman sosial qarşılıqlı əlaqəyə imkan verir, rifah və sağlamlığı təşviq edir. Komanda ruhu, həmrəylik şəxsi inkişafa töhfə verir. Həmçinin insanları yaşadıqları cəmiyyətin həyatında iştirak etməyə ruhlandırır və onların fəal vətəndaşlıq mövqeyini inkişaf etdirməsinə kömək edir”.