“Seçkilər açıq, şəffaf, beynəlxalq seçki standartlarına uyğun keçirilib” – Deputat

Türkiyədə keçirilən prezident seçkilərində və Türkiyə Böyük Millət Məclisinə seçkilərdə müşahidəçi kimi iştirak etdik və müxtəlif məntəqələrdə seçkiləri izlədik. Daha əvvəl isə bu seçkilərə qatılan siyasi partiyaların (AK Parti, CHP və İYİ) nümayəndələri ilə görüşdük. Onların hamısı seçkiqabağı prosesin qaydalara uyğun keçdiyin, qanun çərçivəsində keçirildiyini vurğuladılar. Səsvermə günü insanların fikirlərini azad ifadə etməsi üçün bütün zəruri inzibati tədbirlər görülmüşdü. Yerli və beynəlxalq müşahidəçilər üçün müvafiq şərait yaradılmışdı.

Bu fikirlər AŞPA-da nümayəndə heyətimizin üzvü Pərvin Kərimzadənin avropalı parlamentarilərə yazılı təqdim edilmiş çıxışında yer alıb.

Azərbaycanlı deputat bildirib ki, baş çəkdikləri bütün məntəqələrdə yüksək seçici fəallığı müşahidə ediblər. Seçki məntəqələrində əlilliyi olan vətəndaşlar üçün də əlverişli şərait yaradılmışdı. Seçki bülletenlərinin hesablanması və nəticələrin elan edilməsi milli seçki qanunvericiliyinə uyğun olaraq vaxtında həyata keçirildi. Seçkilərin nəticələrinə təsir edəcək heç bir maneə görmədik. Bütün vətəndaşlar seçki məntəqələrinə gələrək istədikləri namizədlərə səs verdilər. Mətbuatda bütün namizədlərə bərabər şərait yaradıldı ki, bu da öz növbəsində seçki prosesinin legitimliyinə və şəffaflığına xidmət etdi. Seçkilər açıq, şəffaf və rəqabətli, milli qanunvericiliyə və hamılıqla qəbul edilmiş beynəlxalq seçki standartlarına uyğun keçirilib.

Vurğulayıb ki, prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan Türkiyədə xalqın dəstəyini qazanaraq, növbəti inamlı qələbəsini qazanıb. Qarşıdakı 5 ildə də iradəsini ortaya qoyan Rəcəb Tayyib Ərdoğana yenidən güvənən Türkiyə xalqı ölkəsini dünyada tanıdan, müstəqil siyasət aparan liderə dəstək oldu. Ərdoğanın hakimiyyəti dövründə Türkiyə güclü dövlətə, regional və qlobal problemlərin həllində əsas aktyora çevrildi.

“Türkiyədə keçirilən seçkilər həm də demokratikliyi və şəffaflığı ilə dünyanın diqqətini çəkdi. Bu seçki göstərdi ki, demokratiya və onun dəyərləri Türkiyə üçün prioritetdir. Türkiyədə seçkinin nəticələri bölgə üçün də önəmli idi. Mən Türkiyəni təbrik edirəm və əminəm ki, Türkiyə, region və dünya üçün uğurlu seçim oldu. Türk xalqı öz gələcəyinə, uğurlu gələcəyinə səs verdi”, – deyə P. Kərimzadə xalqın düzgün namizədə səs verdiyini vurğulayıb.