“Son illərdə milli iqtisadiyyatın sosialyönümlü olması, insan amilinin ön planda olduğunu deməyə əsas verir” – Məclis üzvü

“Prezident İlham Əliyevin regionlara səfərləri artıq  ənənəyə çevrilmişdir. Ölkə başçısının növbəti səfəri Şəmkir, Samux, Qazax və Bərdə rayonlarına olub. Cənab Prezident səfər çərçivəsində regionlarda görülən işlərlə, inkişaf prosesləri ilə yerində tanış olub. Dövlət Başçısının həyata keçirilən layihələri yerində yoxlayıb, öz tapşırıq və tövsiyələrini verməsi hər zaman regionların sürətli inkişafı və layihələrin icrasının intensivliyi baxımından stimullaşdırıcı amil kimi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan deməliyik ki, ölkə başçısının regionlara mütəmadi səfərləri nəticəsində regionlarda yaşayan əhali Azərbaycan Prezidentinin simasında dövlətin diqqət və qayğısını birbaşa hiss edir və bunu yüksək qiymətləndirir”.

Bu fikirləriMilli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, bildiyiniz kimi 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla icra edilir. Artıq dördüncüsü icra olunan dövlət proqramının uğurlu nəticələri bütün reginlarda özünü göstərir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Dünyada çətin və mürəkkəb siyasi proseslərin getdiyi bir vaxtda Azərbaycan reallaşdırdığı yerli və beynəlxalq layihələrlə sürətli və dinamik inkişaf nümunəsi ortaya qoyur. Azərbaycanın bütün regionlarında sürətli inkişaf göz qabağındadır. Xüsusilə, 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunan tarixi ərazilərimizdə həyata keçirilən Böyük Qayıdışa dair Dövlət Proqramı ilə yanaşı Azərbaycanın bütün regionlarında sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir. Azərbaycan dövləti Lüksemburq və Livan kimi ölkələrdən daha böyük əraziləri xaricdən heç bir maliyyə dəstəyi almadan, yalnız öz iqtisadi gücü hesabına bərpa edir.

Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova cənab Prezidentin regionlara səfəri çərçivəsində bir çox sosial-infrastruktur layihələrinin açılışlarını etdiyini bildirib. T.Cəfərova qeyd edib ki, “ Ölkə Başçısının Qazax şəhərinə səfəri çərçivəsində rayondakı su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi, “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi” çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin istifadəyə verilməsi, “Venzana” mebel fabrikinin, Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin, Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının, Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak etməsi Azərbaycanın bütün regionların inkişafının dövlətin diqqətində olduğunun əyani göstəricisidir”. Bütün bunlar regionlarda yaşayan əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına, vətəndaşların məşğulluğunun təmin olunmasına, eləcə də, həmin şəhər, rayon və kəndlərin mənzərəsinin köklü şəkildə dəyişməsinə təsir edən mühüm amillərdir.

Dünyada baş verən siyasi katakilizmlər, iqtisadi böhran fonunda Azərbaycanda dinamik inkişafın yüksələn xətlə davam etdiyini deyən millət vəkili Tamam Cəfərova qeyd edib ki, Azərbaycan özünün yerləşdiyi geosiyasi mövqeyindən səmərəli istifadə edərək yeni iqtisadi imkanlar təqdim etməklə yeni dünya nizamının aparıcı aktorlarından birinə çevrilib. İllər əvvəl təməli qoyulan iqtisadi layihələr və beynəlxalq tranzit marşrutların yaradılması bu gün ölkəmizin  dayanıqlı iqtisadiyyatının formalaşmasına təkan vermiş, Azərbaycanın dünyanın önəmli tranzit ölkələrindən birinə çevirilməsində mühüm rol oynamışdır. Əlbəttə, bütün bunların mərkəzində dövlətin həyata keçirdiyi qətiyyətli,  uğurlu xarici, daxili siyasət dayanır.

Xüsusilə son illərdə milli iqtisadiyyatın sosialyönümlü olması, insan amilinin ön planda olduğunu deməyə əsas verir. Əminliklə deyə bilərik ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində insan amili dayanmaqla yanaşı, vətəndaşların maraq və mənafelərinin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Millət vəkili Tamam Cəfərova belə deyib.