“Sona qədər öz mövqeyimizi müdafiə edəcəyik” – Fazil Mustafa

Ötən 30 il ərzində Qarabağ münaqişəsinin bərpası istiqamətində müsbət addım atmayan, hər hansı irəliləyişə nail olmayan Qərb yenidən Minsk qrupunun bərpası ilə bağlı fikirlər səsləndirir. Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə Minsk qrupunun tarixə qovuşduğunu deməsi Azərbaycanın bu məsələylə bağlı real mövqeyini ortaya qoyur. 

Azərbaycan tərəfinin açıq bəyanatlarına baxmayaraq Fransa və digər Qərb ölkələrinin münaqişə bitəndən sonra yenidən bu qrupu canlandırmaq istəyi hansı məqsədi güdür? 

Qərb bununla nəyə nail olmağa çalışır? 

Deputat Fazil Mustafa   bildirib ki, bu məsələni gecikmiş plan kimi yenidən gündəmə gətirmək istəyirlər:

“Azərbaycan 90-cı illərdə beynəlxalq aləmdə öz mövqeyini hələ möhkəmlətmədiyi üçün bu qrupun yaradılmasına razılıq vermişdi.

Lakin ötən dövr ərzində, xüsusən də 44 günlük müharibədə Azərbaycanın qələbəsi yeni reallıqlar yaratdı” .

Deputatın sözlərinə görə, bugünkü gündə Azərbaycanın razılığı olmadan Minsk qrupunun fəaliyyətini bərpa etməsi mümkün deyil:

“Çox cəhdlər ola bilər. Qarabağı da Ermənistana vermək istəyirdilər. Nə olsun? Bacarmadılar. Bunu etmək üçün hüquqi əsasları yox idi. Müharibə də göstərdi ki, hansısa şəkildə Qarabağ məsələsində Azərbaycanın qarşısında onun mövqeyinə zidd nəsə diqtə etmək mümkün deyil.

Düşünürəm ki, narahatlığa əsas yoxdur. Sona qədər öz mövqeyimizi müdafiə edəcəyik. Kimsə bizi Minsk qrupunun bərpası ilə razılaşmağa məcbur edə bilməz”.