Sosial müavinətlər artırılacaq
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında orta aylıq əmək haqları, pensiya və sosial müavinətlərin artacağı ilə bağlı anons vermişdi. Artıq orta aylıq əmək haqları və pensiyalar artırılıb.
Sosial müavinətlərin artırılması ilə əlaqədar da hökumətə tapşırıq verilib.
Bəs sosial müavinətlər nə qədər artırılacaq?
Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, sosial müavinətlərin artımı 10 faizdən aşağı olmayacaq:
“Sosial müavinətlərlə bağlı hökumətə tapşırıq verilib. Hökumət mart ayının sonuna qədər hesablama işləri aparıb təqaüd və sosial müavinətlərin nə qədər artacağı ilə bağlı təklifi cənab Prezidentə təqdim etməlidir. İstənilən halda artımlar olacaq. Bəribaşdan biz bu barədə dəqiq nəsə deyə bilmərik. Amma ümumi belə fikirləşirik ki, sosial müavinətlərin artımları 10 faizdən aşağı olmayacaq. Pensiyaların minimum həddi və minimum əmək haqqı 14 faizdən artıq olub. Biri 14,3, digəri isə 16 faiz artıb. Ötən il orta aylıq əməkhaqqı 8,1 faiz artmışdı. Buna uyğun olaraq bütün pensiyaların sığorta hissəsi 8,1 faiz artdı. Sosial müavinət və təqaüdlər də yəqin bu həcmdə artacaq. Bu hökumət hesablamalarına bağlıdır. Digər tərəfdən də cənab Prezidentin səlahiyyətində olan məsələdir və bizim hər hansı şəkildə bunu müzakirə edib təklif verməyimiz o qədər də doğru olmaz. Gözləyirik ki, mart ayının sonlarına yaxın, bəlkə də, elə Novruz bayramı ərəfəsində biz o sərəncamları görəcəyik. İstənilən halda Azərbaycanın heç bir vətəndaşı sosial müdafiəsiz qalmayacaq”.