“Sovetski”də son durum

Sovet

Bakının mərkəzi küçələrindən sayılan keçmiş “Sovetski” məhəlləsində söküntü işləri davam edir.

XALQ.AZ-ın əməkdaşı söküntünün getdiyi ərazidə olub, son vəziyyətlə maraqlanıb. Məhəllənin mərkəzi yol hissəsində yerləşən 2-3 mərtəbəli evlər demək olar dağıdılıb.

Evlərinin sökülməsini gözləyən bəzi sakinlərin sözlərinə görə, indi “Sovetski” beş il bundan əvvəlki köhnə məhlə deyil və yaxın illərdə tam olmayacaq. İndi çox ailələr hökumətlə razılaşıblar. Bunlar əsasən yaşayış sahələrinin həcmi böyük olanlardır. Qalanlar evlərin sökülməsi gününü gözləyir. Kompensasiyanın verilmə qaydasından və məbləğındən əvvəl narazı olanlar da könüllülük əsasında evlərinin sökülməsinə razılıq veriblər.

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, hazırda bu ərazidə söküntü prosesi gedir və vətəndaşlara ödənişlər həyata keçirilir. Onlara əvvəlki qaydaya uyğun, yəni hər kvadratmetrə görə əvvəldən müəyyənləşdirilmiş 1500 manat məbləğində vəsait ödənilir. Evlərin köçürülməsi ilə bağlı vətəndaşlarla yerli icra hakimiyyəti orqanları arasında protokollar və razılaşmalar imzalanır. Köçürülmə prosesi buna uyğun həyata keçirilir. Apardığımız müşahidələrə görə, indi “Sovetski”də yerləşən ev sahiblərinin 50 faizə yaxını ilə bu tip anlaşma imzalanıb. Köçürülməyə razılıq verən ailələrə birillik kirayə üçün vəsait də verilir.

Ekspert vurğulayıb ki, indi praktiki olaraq, narazılıq yoxdur. Dövlət tərəfindən 3200 ünvanda yerləşən daşınmaz əmlakın köçürülməsi planlaşdırılır. Onlardan 1500 əmlak sahibinin hesabına vəsait ödənilib. Baxmayaraq ki, vətəndaşlar daha yüksək pul tələb edirdilər, lakin sonda 1500 manatla razılaşıblar. Razılaşma protokolu könüllü şəkildə reallaşdırılıb.

V.Bayramov monitorinqlər zamanı dövlət qurumları, o cümlədən yerli icra hakimiyyəti orqanları tərəfindən ev sahiblərinə heç bir təzyiqin və ya məcburi şəkildə razılaşma sənədinin imzalanması hallarına rast gəlinmədiyini vurğulayıb.

Ümumiyyətlə, “Sovetski” ərazisindən 10 min sakin köçürüləcək.