“Sülh körpüsü quracağıq”

 

6

 

Bu gün Azərbaycana rəsmi səfərini reallaşdıran Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlu səfəröncəsi Əsənboğa hava limanında jurnalistlərə bir sıra açıqlamalar verib.

Bakıda olan Türkiyə baş naziri Əhməd Davudoğlu Ankarada hava limanında olarkən jurnalistlərə verdiyi açıqlamada, “Bir millət, iki dövlət” olaraq qəbul edilən Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin yaxınlığını və ölkənin ən yüksək vəzifəli nümayəndələrinin ilk qarşılıqlı ziyarətlərini bir-birlərinə etdiklərini bildirib.

Ə.Davudoğlunun səfər çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə və Milli Məclisin sədri Oktay Əsədovla görüşü gözlənilir. Görüşlərdə Türkiyə-Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin müzakirəsi, eləcə də regionda reallaşdırılması nəzərdə tutulan planlardan söhbət ediləcəyi vurğulanır.

“Əl-ələ, birlikdə çox parlaq bir gələcəyə gedirik. Aramızdakı Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan layihələri, nəqliyyat və enerji sahəsində Avrasiyada dəyişikliklərə səbəb olan işlərdir. Bakıda Xəzərin sahilindən başlayaraq Anadoludan keçən və dünyaya açılan layihələrdir. Bunun son böyük nailiyyətlərindən biri də TANAP-dır. TANAP gündəmə gəldiyi andan etibarən Avrasiyanın enerji siyasətində çox ciddi dəyişikliklərə səbəb olub.” – deyə Ə.Davudoğlu bildirib.

Davudoğlu rəsmi səfəri sonrası, sentyabrın 20-də TANAP-ın Azərbaycan hissəsinin təməlqoyma mərasiminin keçiriləcəyini vurğulayıb: “Bu bir yuxu idi. Bir çox hədəfin yuxu kimi görüldüyünü düşünsək, bütün gözəl reallıqlar əslində insanın zehnində inşa etməsilə başlayır. 20 il əvvəl Türkiyə ilə Azərbaycan arasında 90-cı illərin əvvəllərindən başlayaraq qurulan böyük dostluq əlaqəsinin bəhrəsini görürük.”

TANAP-ın eyni zamanda Xəzər dənizindən, Qafqazdan Türkiyəyə, oradan da Balkanlara uzanan bir sülh layihəsi olduğunu vurğulayan Davudoğlu, mərasimdə sadəcə Azərbaycan prezidenti İlham Əliyev və özünün olmayacağını, tədbirdə Bolqarıstan prezidenti ilə Gürcüstan, Yunanıstan və Çernoqoriya baş nazirlərinin iştirak edəcəyini bildirib.

“Beləliklə, Qafqazdan Balkanlara bir sülh körpüsü quracağıq. Bu sülh körpüsünün başlanğıc ölkəsi də Türkiyədir. Balkanları və Qafqazı birləşdirən əsas coğrafi region olan Anadolu torpaqları bu sülh layihəsində bir bünövrə rolu oynayır. O baxımdan, həmin mərasimdə iştirak etmək bizim üçün böyük bir şərəf olacaq. Həm ikitərəfli münasibətləri müzakirə edəcəyik, həm də dünyanın enerji bazarlarında geniş əks-səda doğuran Türkiyə ilə Azərbaycanın bu böyük sülh layihəsinin reallaşmasının ilk addımını atmış olacağıq”, deyə Türkiyənin baş naziri Ə.Davudoğlu çıxışında səsləndirib.

Qeyd edək ki, baş nazir həmçinin TANAP-ın türkiyə hissəsinin təməlqoyma mərasiminin mart ayında – Çanaqqala döyüşünün ildönümü əvvəli baş tutacağını vurğulayıb.