Sumqayıtda öküz küçəyə buraxıldı (VİDEO)

Bu gün Sumqayıtda qəribə bir hadisə olub.
XALQ.AZ-ın məlumatına görə, bu hadisə İspaniyada hər il keçirilən ənənəvi San Fermin Festivalına bənzəməyib.

Burada bir öküz yerli sumqayıtlıları bərk qorxuya salıb. Youtube sosial şəbəkəsində yayılan videoda göründüyü kimi öküzün boynunda iplə “Qazel” yük maşınının yanında olması sual doğurur. Əslində onun yeri yük yerində imiş və belə hündür yerdən tullanaraq asfalta düşməsi maraq doğurur. Əslində isə bunun elə bir önəmi yoxdur. Önəmi olan odur ki, başı ipli bu öküzü nə maşının üstündəki adam, nə də yerdəki insanlar ram edə bilib. Nəticədə onun sakitləşməsini gözləməyən sürücü elə yük maşınını sürərək ərazidən uzaqlaşıb. Öküz da boynunda iplə maşının yanında qaça-qaça gedib.

Xatırladaq ki, İspaniyanın paytaxtı Madrid şəhərində 35 ildə ilk dəfə olaraq matador yarışı keçirilməyib. Buna səbəb hirsli buğaların 3 matadora ağır xəsarət yetirməsidir. Öküz yarışı ərəfəsində matador David Moranın ayağından yaralanması və hələ də xəstəxanada ağır vəziyyətdə olması ispanların keyfinə soğan doğrayıb. Nəticədə öküz yarışı qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Ancaq İspaniyada ənənəvi San Fermin Festivalı isə ötən ayın əvvəlində Pamplona şəhərində start götürüb. Məlumata görə, hər il 200 mindən çox yerli sakini və turisti cəlb edən bu festivalı maraqlı edən, təhlükəli öküzlərin şəhərin küçələrinə buraxılmasıdır. Festivalın digər iştirakçıları olan insanlar isə öküzlərə yaxın qaçmaqla öz cəsarətlərini nümayiş etdirirlər.

Turist Nikolas Trotusun sözlərinə görə, bu yarış insana əsl həyəcan verir: “Məhz bu festivalda iştirak etmək üçün gəlmişəm və maksimum adrenalin almaq istiyirəm”.

Qeyd edək ki, San Fermin Festivalı 1590-cı ildən bəri təşkil olunur. İspaniyada korrida və bu kimi müsabiqələrin bir çox bölgədə ləğv olunmasına baxmayaraq, bu tədbir hələ də insanları özünə cəlb edir.

Şəhərdə çoxsaylı turstlərin olmasını da nəzərə alaraq şəhər rəhbərliyi festivalın davam etdiyi müddətdə polis qüvvələrini səfərbər edib.

İyulun 14-dək davam edən festivalda öküz qaçışları arenalarda matador döyüşləri ilə başa çatıb.