“Süni qiymət artımına yol verilməyəcək” Deputat


XALQ.AZ Milli Məclisin deputatı Məşhur Məmmədovdur.

– Məşhur müəllim, yeni – 2021-ci ilin ilk günlərini yaşayırıq. 2020-ci il yaddaşınızda necə qaldı ?

– 2020-ci ilin ilk ayları Milli Məclisə seçkilərlə bağlı təbliğat-təşviqat işləri və seçki ilə başladı. Yeri gəlmişkən mənə etimad göstərən, məni deputat görmək istəyən doğma seçicilərimə, əziz Masallı əhalisinə təşəkkür edirəm. Sonra Tovuz hadisələri, ardınca 44 günlük Vətən Müharibəsi. Pandemiyanı da bura əlavə etsək, təzadlı il oldu. Amma 44 günlük Vətən Müharibəsinin bizə gətirdiyi Zəfər Qələbəsini, azad olunması yuxu kimi görünən torpaqların işğaldan azad olunmasını, əzəmətli Qələbə Paradını, tarixə qızıl hərflərlə yazılası günləri qürurla xatırlayanda fəxrlə demək olar ki, geridə qoyduğumuz il xalqımıza və dövlətimizə uğurlu il olub.

– Pandemiyadan söz düşmüşkən, cənab Prezident qeyd etdi ki, tezliklə ölkəyə vaksinlər gətiriləcək, vaksinləşmədən sonra insanlar normal həyata qayıdacaq. Bizə maraqlıdır, Məşhur müəllim vaksindən istifadə edəcəkmi ?

– Bilirsiniz, təəssüfləndirici haldır ki, sosial mənsubiyyətindən, yaşından asılı olmayaraq COVİD-19-un nə qədər insanların həyatına son qoymasına şahid olduq. Ola bilsin, ilk vaxtlardan maariflənmə düz aparılmadı, insanlarımızda bu xəstəliyə münasibət birmənalı olmadı.

Sosial şəbəkələri izləyirəm, görürəm ki, hələdə də bu qədər hadisələrə rəğmən insanlarda xəstəlik, epidemiya mövzusunda fikir haçalanması var. İnsanlarla yanaşı, dövlət olaraq da iqtisadi cəhətdən itkilərimiz az olmayıb. Pandemiya iqtisadi tənəzzüllə yanaşı, insanların psixoloji, sosial rifah halına da mənfi təsir edib. Bu bəladan qurtulmağın yeganə yolu vaksindir və təbii ki, üzdə olan ictimai xadim kimi, insanlara nümunə olacaq biri olaraq mən də virus əleyhinə vaksindən istifadə edəcəyəm.

– İqtisadi tənəzzül qeyd etdiniz. Doğrudan da insanlar pandemiya ilə əlaqədar istər psixoloji, istər sosial rifah cəhətdən ürəkaçan vəziyyətdə deyil. Vəziyyətdən çıxmaq üçün üzvü olduğunuz komitədə təkliflər planı hazırlanırmı ?

– Bilirsiz, iqtisadi vəziyyət, neftin qiyməti dünya iqtisadiyyatı nəzərə alınmaqla tənzimlənir. Pandemiya sözsüz ki, bütün dünyada iqtisadiyyata təsir etdi, nəinki Azərbaycanda. O ki qaldı, qiymətlərin əhalinin sosial rifah həyatına mənfi təsirinə, mənə elə gəlir ki, məhsul satışına, qiymət tənzimlənməsinə nəzarət edən qurumlar işlərinin öhdəsindən layiqincə gələcək, süni qiymət artımına yol verilməyəcək. Əmək haqları və pensiyaların da artımı, fərdi sahibkarlara ediləcək yardımlar, sosial müavinətlər imkan verməyəcək əhalinin sosial rufah halının mənfiyə doğru getməsinə.

Bir məsələni də diqqətdən qaçırmayaq ki, artıq işğaldan azad olunmuş torpaqlarımızda təmir-bərpa işlərinə başlanılıb, tezliklə tikinti bumuna start veriləcək. Bu da minlərlə insanın işlə təmin olunması deməkdir. Bir sözlə, deməzdim ki, qarşıdakı illər, elə bu il də daxil olmaqla iqtisadiyyat sektorunda bizi çətin günlər gözləyir.

– Məşhur müəllim, seçicilərlə pandemiya dövründə əlaqələr nə yerdədir? Onlar ən çox hansı xahişlə sizə müraciət edir ?

– Məni yaxından tanıyanlar bilirlər, əməllərimlə özümü reklam etmək mənə yad hissdir. İnşAllah, yolunuz Masallıya düşəndə seçicilərimdən soruşarsınız Məşhur müəllim sizin üçün kimdir? Məşhur müəllim necə deputatdır ?

O zaman da cavablar əsasında bir yazı hazırlayarsınız. Qısaca onu deyim ki, rayonda köməkçilərim var, seçicilərin problemlərini dinləyir, həllinə kömək edirlər. Mən özüm də onlayn şəhid valideynləri ilə əlaqə saxlayıram, problemlərin həlli istiqamətində tövsiyə və tapşırıqlarımı verirəm. Seçicilərin ən çox səsləndirdikləri xahişlər təhsil haqqı, müalicəyə kömək, iş yeri ilə təmin olunma istəyidir.

Mümkün qədər onların istəklərini yerinə yetirməyə çalışıram. Nə dərəcədə nail oluram, bunu Masallı camaatı deyər. Seçicilərim olan bütün şəhid ailələri ilə görüşlərim olub, əksəriyyətinin dəfnində şəxsən iştirak etmişəm. Bu, hər birimizin vətəndaşlıq borcu olduğu üçün bu mövzunun detallı yazılmasının əleyhinəyəm.

– Sizi yormaq fikrindən uzaq olsam da, sualdan sual yaranır. Fikirlərimizi yekunlaşdıraq; 2021-ci il Sizin fikrinizcə bizi nə gözləyir?

– Siyasi cəhətdən cənab Prezident peşəkar diplomatik bacarığı ilə zatən sözünü bütün dünyanın aparıcı siyasətçiləri ilə görüşlərində və media orqanlarının vasitəsilə bəyan edib. İqtisadi cəhətə gəldikdə, ölkəmizin quruculuq ili başlayıb. Artıq işğaldan azad olunmuş ərazilərimizdə təmir, bərpa, yol-infrastruktur işlərinin görülməsinə başlanıb. Tezliklə cənab Prezidentin qeyd etdiyi kimi azad olunmuş ərazilərimiz cənnəti xatırladacaq.

Tarixi abidələrimizin bərpası turizm biznesinə təkan verəcək. Təbii nemətlərimizdən istifadə, əkin sahələrinin istifadəsi kənd təsərrüfatının inkişafına töhfə verəcək. Biz sözlə, qarşıda Azərbaycanımızı və onun qürurlu vətəndaşlarını xoş günlər gözləyir. Vətəndaşlarımız bir az səbr və anlayış göstərməlidir. Çünki bütün qələbələrə, nailiyyətlərə dövlət-xalq birliyi ilə nail olmuşuq. Biz birlikdə güclüyük!

– Maraqlı və səmimi müsahibə üçün təşəkkür edirəm.

– Sağ olun