Deputat təkliflə çıxış etdi

Ölkə üzrə bir aya yaxındır, davam edən sərt karantin rejimi yanvarın 18-i başa çatır. Koronavirusa yoluxma isə ötən müddətdə əhəmiyyətli dərəcədə azalıb. Maraqlıdır, yoluxma statistikasının az olduğunu nəzərə alsaq, ilkin mərhələrdə hansı yumşalmalara getmək daha məqsədəuyğun olar?

XALQ.AZ xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputat Rüfət Quliyev qarşıdakı həftədə yoluxmada artımın olmayacağı halda kiçik kafe və restoranların açılmasını təklif edib:

“Məlum olduğu kimi, dekabrın əvvəllərində koronavirusa yoluxma 5000-i keçirdi. Sərt karantin rejimindən sonra isə bu göstərici təxminən 7-8 dəfə azalıb. Elə gün olur ki, 500-600 arası yoluxmaya şahidlik edirik. Hələ sərt karantin rejimin sonlanmasına bir həftə qalıb. Əgər bu tendensiya yanvarın 18-dək davam edərsə, o zaman müəyyən yumşalmalara getmək lazımdır”.

Deputat hesab edir ki, yumşalmadan sonra təhlükəsizlik tədbirləri unudulmamaqla müəyyən sahələrin fəaliyyətinə icazə verilməlidir: “Yumşalmadan sonra sosial məsafənin qorunması və insanların bu məsələdə məsuliyyət hisini tam dərk etməsi lazımdır. Kiçik kafe və restoranları sosial məsafənin qorunması və digər önləyici təbdirlər ciddi nəzarət etmək şərti ilə açmaq olar. Satış mərkəzləri və marketlərdə spirtdən istifadə mütləqdir. Kiçik və orta sahibkarlar isə xüsusilə diqqətli olmalıdır”.