Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir

Şuşanın Azərbaycan xalqının qəlbində özünəməxsus yeri və dəyəri var. Bu qədim şəhəri təsadüfən Azərbaycanın mədəniyyət paytaxtı adlandırmırlar – Şuşa musiqi, ədəbiyyat və xalçaçılığın mərkəzi, təbiət gözəllikləri və tarixi-mədəni irsin vəhdət tapdığı unikal məkandır.
Əsası 18-ci əsrin ortalarında Pənahəli xan tərəfindən qoyulan şəhər-qala ilk illərdə Pənahabad, sonralar isə bu yerin qədim adı ilə Şuşa adlandırılıb. Şuşa şəhərinin salınmasının qədim izləri bu gün də öz əzəmətini saxlayır. Onların arasında şəhərin tarixi mərkəzini əhatə edən qala divarlarının qalıqları xüsusilə seçilir. Şuşa Qarabağ xanlığının süqutuna, yəni 1822-ci ilə qədər xanlığın paytaxtı olmuşdur.
Qarabağ bölgəsində yerləşən Şuşa şəhəri Azərbaycan Respublikasının mədəniyyət paytaxtıdır. Şuşanın ərazisi dağlıqdır. Şuşa ərazi zəngin flora və faunaya malikdir. . Ana təbiət bu torpaqdan heç nəyini əsirgəməyib, onun altı tükənməz xəzinə olduğu kimi, üstü də canlı və zəngin təbiət muzeyidir. Bölgədəki 50-yə yaxın fauna,70-dən çox flora növü dünyanın,eyni zamanda Azərbaycan Respublikasının Qırmızı kitablarına salınıb. İlin bütün fəsillərində yaşıl donunu əynindən çıxarmayan Şuşa meşələri sanki bir kəmər kimi qalanın belinə dolanaraq onun füsunkarlığını birə min artırır. Qarabağ torpaqları nadir bitkiləri ilə həmişə seçilib, bu müxtəliflik içərisində Xarıbülbül özünəməxsus yer tutur. Azadlıq və zəfər rəmzinə çevrilən Xarıbülbül xüsusi gözəlliyi ilə seçilən və dünyanın heç bir yerində bitməyən bitkidir.
Mədəniyyət paytaxtımız Şuşanın ev sahibliyi etdiyi ənənəvi “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı Azərbaycan mədəniyyətinin, incəsənətinin böyük uğurudur. 1980-ci illərin sonlarından etibarən keçirilməyə başlayan beynəlxalq festivalın Şuşanın rəmzi sayılan xarıbülbülün adı ilə adlandırılması olduqca əlamətdardır. Şuşanın müxtəlif guşələrində keçirilən konsert proqramları, bədii təqdimatlar, sərgilər və film nümayişlərini ehtiva edən “Xarıbülbül” musiqi festivalı həm də işğaldan azad olunan ərazilərdə illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin yenidən dirçəlməsinin, qarşıda xalqımızı gözləyən xoş günlərin müjdəçisidir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.Şuşa uğrunda gedən mübarizə 4 noyabr tarixindən başlayaraq 7 noyabra qədər davam etdi.Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri Hadrud qəsəbəsini ələ keçirmiş, daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur.Şuşanın azad edilməsi ilə İkinci Qarabağ müharibəsi Azərbaycanın qalibiyyəti ilə başa çatmışdır. Həmçinin Azərbaycan Prezidenti Cənab İlham Əliyev hərbi-strateji əhəmiyyətli Şuşanın Azərbaycan tarixində xüsusi yerinin olduğunu bildirib: “Şuşanı qan tökərək azad etmişik, Şuşa uğrunda ciddi döyüşlər gedirdi. Laçın dəhlizi boyunca işğalçıların qalıqları səpələnmişdi, yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya gəldilər. Yüngül silahlarla, tapançalarla, süngü-bıçaqla mübarizə apardıq. Amma bizə qarşı burada toplardan, tanklardan istifadə olundu. Amma düşmən bizim gücümüzü gördü, iradəmizi gördü, milli ruhumuzu gördü və məğlub oldu”.
Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üç rəngli bayraqlarımızı dalğalandıraraq bir daha Bayrağımıza, qələbəmizə olan sevgilərini böük coşqu ilə nümayiş etdirdilər. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. Nəinki hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Ermənistanın öz acı məğlubiyyəti öz dillərindən hələ çoxdan eşidilirmiş. Bəli, Şuşaya nəzarət edən Azərbaycan Ordusu tarix yazdı. Arzumuz reallıq oldu. Şuşa öz sahibinin oldu. Lakin bu bəs deyildi. Biz hər bir qarış torpağımızı, hər bir daşımızı, ağacımızı, yurdumuzu-yuvamızı sonuna qədər istəyirdik. Şuşa azad edildikdən dərhal sonra noyabrın 9-u bayraq günündə Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini yenidən sevindirdi. Beləliklə də, Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları puç oldu, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası bütün anlamını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı.
1993-cü ildən ötən dövr ərzində böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı. 2003-cü ildən sonrakı mərhələdə İlham Əliyev diplomatiyasının apardığı fəal iş Azərbaycanın haqlı mövqeyinin beynəlxalq hüquqi əsaslarını daha da möhkəmləndirdi. Azərbaycan nəinki Qafqaz regionu üçün, ümumilikdə bütün dünyanın gələcək taleyi üçün təhlükə törədə biləcək terror yuvasını təmizləyir. Azərbaycan həm də Ermənistanın Gürcüstanın Samtsxe-Cavaxeti diyarına, Qara dəniz sahili bölgələrinə, Rusiyanın Krasnodar, Soçi kimi strateji əhəmiyyətli ərazilərinə, İran İslam Respublikasının şimal-qərb bölgələrinə sərsəm iddialar irəli sürməsinin qarşısını alır.

Əzizə Əbdülova—Nəsimi rayon sakini