Şuşadan bütün dünyaya səslənərək demək istəyirəm ki, biz Şuşadayıq, biz Qarabağdayıq!-Jalə Əliyeva

Bu gün həyatımızın ən dəyərli səfəridir, ən əhəmiyyətli günüdür. Bu gün Qarabağın gözbəbəyində, Qarabağın paytaxtındayıq. Mədəniyyətimizin paytaxtındayıq. Bundan böyük xoşbəxtlik, bundan böyük qürur ola bilərmi? Az əvvəl Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın, böyük nümayəndə heyətinin, Azərbaycanın tanınmış yazıçı, şairlərinin, sənət adamlarının iştirakı ilə Vaqif Poeziya günlərinə start verdik. Çox qısa müddət ərzində prezidentin göstərişi ilə təmir edilmiş, cənab prezidentin qeyd etdiyi kimi 39 il öncə Ulu Öndərin 59 yaşında onun özünün iştirakı ilə açılmış olan bu məqbərəni illər sonra bu gün vətəndaşımızın, dünya insanının üzünə yenidən açmış olduq. Prezident dedi ki, o zaman mənim atam 59 yaşında idi, indi mən 59 yaşındayam və bu təsadüf deyil. Bəli, bu təsadüf deyil, bu həqiqətdir, bu bir zərurətdir. Və mən düşünürəm ki, bizim bu günkü qələbələrimiz, bu gün sevinc hissi ilə keçib gəldiyimiz Zəfər yolu da təsadüf deyildi. Bu Azərbaycanın həqiqətinin, ədalətinin zərurəti idi. Biz burada doğulmuşuq, biz burada var idik, biz burada varıq və hər zaman da olacağıq. Bax budur əsas məsələ. Bu gün biz bütün fəaliyyətimizlə, bütün addımlarımızla dünyaya məhz bu mesajı veririk. Ermənilər bu torpaqlarda həyata keçirdikləri vandalizmlə göstərdilər ki, bu torpaqlar heç vaxt onların olmayıb. Onlar bunu da çox yaxşı bilirdilər ki, gec-tez bu torpaqları boşalmaq məcburiyyətində qalacaqlar. Təbii ki, insan özünə məxsus olanı hər zaman qorumağa can atır. Bu, insanoğlunun ta əzəldən sahib olduğu bir düşüncədir. Və elə bu kontekstdən yanaşdıqda, birmənalı olaraq deyə bilərik ki, əgər bu torpaqların onların olduğundan əmin olsaydılar, o zaman qurub yaradardılar. Bunlar isə tam əksinə, mövcud olanı yerlə yeksan ediblər, daş üstündə daş qoymayıblar. Gedərayaq belə, işğal altında tutduqları bütün bölgələrdə bu illər ərzində yaşadıqları evlərimizi, istifadə etdikləri təbiətimizi yandırıb yaxdılar. Onlar illərlə həyata keçirdikləri dağıdıcılıq siyasətini 44 gün ərzində daha da sürətlə davam etdirdilər. Çünki onlar çox gözəl bilirdilər ki, bu torpaqlar heç zaman onların olmayıb, olmayacaq da. Gec-tez istər ilahi, istər hüquqi ədalət zəfər çalacaq və Azərbaycan insanı öz torpaqlarına qayıdacaq. Ermənilər burada tam bir vandalizm, yağmalama siyasəti həyata keçirdiblər. Təsəvvür edin ki, bulaqlarımızı belə qurudublar, meşələrimizi yandırıblar. Amma biz artıq buradayıq. Kapitulyasiya aktı imzalanandan 6 gün sonra, cənab prezidentin Füzuli səfərində qeyd etdiyi kimi, Şuşaya Zəfər yolunu çəkməyə başladıq, infrastrukturu yenilədik, işıq, su, qaz çəkildi, yaşamaq üçün lazım olan bütün şərait yaradılmağa başladı. Bu gün burada keçirilən ədəbiyyat, sənət tədbirlərinin hər biri Heydər Əliyev Fondunun himayəsi ilə baş tutur. Bu gün həm Heydər Əliyev Fondu, həm də dövlət rəhbəri İlham Əliyev və Mehriban Əliyevanın timsalında Qarabağda nəhəng quruculuq işləri həyata keçirilir. Bu quruculuq işləri nəticəsində Qarabağa əvvəlkindən gözəl sima veriləcək, buralar əvvəlkindən daha cənnət bir məkana çevriləcəkdir. Bu gün burada, Vaqifin məqbərəsi önündə Cənab prezidentin ətrafında toplaşıb bu anları əbədiləşdirmək hər bir insana, xalqa nəsib olmayacaq xoşbəxtlikdir, səadətdir. İllərin həsrətindən, ədalətsizliyindən sonra nəhayət ki, biz qalib gəldik. Biz müqəddəs şəhid ruhlarının qarşısında baş əyərək, qazilərimizə sağlamlıq diləyərək bir daha deyirik ki, biz bu torpaqlarda əzəldən olmuşuq, varıq, olacağıq, qalacağıq və Qarabağlı, Şuşalı Azərbaycanımızın Zəfər yolları durmadan böyüyəcək, genişlənəcəkdir.* * *Beləcə 2021-ci ilin 29 avqust tarixi həyatımın ən silinməz və unudulmaz gününə çevrildi. 3 gün doğma Şuşada olduğumuz müddətdə möhtəşəm duyğular içərisində idim. Baxmayaraq ki, artıq Şuşadan qayıtdığımız gündən xeyli müddət keçib, hələ də təəssüratdan ayrıla bilmirəm. Artıq heç bir zaman olmayacaq düşüncəsində olduğumuz bir zamanda birdən-birə mümkünsüzün mümkünə çevrilməsi, 30 illik həsrətdən sonra 44 gün içərisində əldə etdiyimiz möhtəşəm qələbələr, Qarabağımızın gözbəbəyi olan Şuşanın azad ediıməsi, ən nəhayətində isə Azərbaycan insanının o torpaqlara yenidən ayağının toxunması – həqiqətən də həyatı boyu hər insana qismət ola bilməyəcək yaşantılar, anlardır. Və biz bu anları yaşadıq. Təbii ki, biz bütün bunları, bu anları bizə yaşadan Müzəffər Ali Baş Komandanımız, Xilaskar Prezidentimiz İlham Əliyevə borcluyuq. Səfər çərçivəsində cənab Prezidentlə üz üzə danışmaq imkanı qazandığımız üçün özümü çox xoşbəxt hesab edirəm. Elə orada Prezidentimizin özünə xitabən dedim ki, cənab prezident, siz bizə bir əfsanə yaşadırsınız, nə yaxşı ki siz varsınız, nə yaxşı ki sizin kimi prezidentimiz var. Bu gün bu kəlmələri təkcə mən demirəm, bütün Azərbaycan vətəndaşları, hər kəs eyni fikirdədir, həmrəydir. Hətta mən deyərdim ki bizim qələbəmizin təməli, müjdəçisi məhz bu həmrəylik olmuşdur. Bunu artıq beynəlxalq və yerli ekspertlər də qeyd edir ki, müharibə dövründə qələbənin əsas amillərindən biri xalq, dövlət, ordu birliyi olmuşdur. * * *Biz Şuşaya bizi zəfərə aparan Zəfər Yolu ilə getdik. Bu yolun inşaatl kapitulyasiya aktı imzalanandan cəmi 6 gün sonra başlamışdır. Bu yolla irəlilədikcə zəfərin möhtəşəmliyini sanki bir daha hiss etdik. Şuşa lövhəsinin vurulduğu dağın ətəyinə çatdığımız zaman duyğularımız ən zirvə nöqtəsində idi. Şuşanın özündən qələbəmiz daha açıq aydın görünürdü. Erməni vandalları tərəfindən doğma Şuşamızın bərbad vəziyyətə salınmış, təbii ki, bunu təəssüflə kövrəkliklə qeyd edirəm, küçələrində, məhəllələrində gəzib soydaşlarımızı, balaca uşaqları gördükcə bu qələbənin mahiyyətinin dərinliyini daha dərindən anlayırdıq. Qarabağımıza yeni sima bəxş edən zəhmətkeşlərimizi, əmək insanlarımızı, polislərimizi, əsgərlərimizi gördükcə daha dərindən anlıyırdıq ki, biz qayıtmışıq, biz qələbə çalmışıq və artıq bu inkaredilməz bir faktdır. Və bütün dünya bu reallığı qəbul etmək məcburiyyətindədir. İllərin həqiqətinə dayanan reallıqdır bu. Vaqif Poeziya günləri də həmin reallıqlardan biridir. Şuşada Vaqif məqbərəsinin yenidən açılışını sadəcə mədəniyyətimizin bir qələbəsi, yeni bir səhifəsi kimi dəyərəndirməməliyik. Bunun arxasında güc var, potensial var, qüdrətli büdcə var, dəmir yumruq var. Bir tərəfdən pandemiya ilə mübarizə edən, bir tərəfdən müharibədən yeni çıxan ölkə olmağımıza baxmayaraq, biz işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinə başladıq, mədəniyyərimizin arxasında iqtisadi potensialımızın dayandığını nümayiş etdirdik. İstər xarı bülbül festivalı, istər Vaqif Poeziya günləri, istər bundan sonra keçiriləcək mədəni tədbirlər, həmçinin 7 may tarixində Şuşanın prezident tərəfindən mədəniyyət paytaxtı elan edilməsi dünyaya bir mesajdır. Şuşa bizimdir, Şuşa Qarabağdır, Şuşa bundan sonra da hər zaman mədəniyyətin beşiyi zirvəsində olacaqdır, qalacaqdır. Şuşada keçirilən və keçiriləcək bütün mədəni tədbirlərin arxasında güclü, xoşbəxt Azərbaycan layihəsi var. Bunu bütün dünya bilməli və qəbul etməlidir! Eşidirsinizmi, biz gəlmişik! Biz buradayıq- özümüzün olan, bizim olan öz torpağımızda, öz yurdumuzdayıq! Və əbədi olaraq da qalacağıq, quracağıq, yaşayacağıq öz Vətənimizdə! Qarabağımızda!

Milli Məclisin deputatı,  Filologiya elmləri doktoru, professor

Jalə Əliyeva