Təhlükəli geyimlər

42

 

 

“3-5 manata koftalar, 9 manata şalvarlar və yaxud nə alırsan al, 5 manat”.

Bu çağırışlara paytaxtın əksər məkanlarında rast gəlinir. Bazarların yaxınlığında, metroların giriş-çıxışında ucuz paltarlar, xüsusən də uşaq geyimləri satılır. Bu cür ticarətə “20 Yanvar” metrosu, 8-ci km bazarı və “28 may” metrosu ətrafında daha çox rast gəlinir.
Bu paltarlar kilo ilə gəlir, sonra biz ayırıb satırıq

“28 may” metrosu ətrafında yerləşən belə mağazalardan birinin sahibi Həsən deyir ki, əsasən Çin istehsalı olan bu geyimlərin kifayət qədər alıcısı var. O, gün ərzində neçə manatlıq alver etdiklərini demək istəməsə də, qazancın normal olduğunu bildirir. “Bu paltarlar kilo ilə gəlir, sonra biz ayırıb satırıq. Şort və maykaları, kolqotkaları 1 manata, şalvar və iri ölçülü köynəkləri, koftaları 3-5 manata. Düzdür, bəzilərində qüsurlar, tikişlər əyri-üyrü olur, düymənin biri çatmır. Amma sata bilirik. Bizdən alverçilər də mal alır, etiketi dəyişib daha baha satırlar”.

Bayramlar ərəfəsində isə alver dəfələrlə artır, küçə ticarəti daha geniş yayılır və alıcılar əsasən ucuzluğuna aldanaraq pul verib öz səhhətləri üçün təhlükəni satın alır.

SOS….

Çin istehsalı olan paltarlarda sağlamlıq üçün təhlükə törədən maddələrdən istifadə olunur. Hələ bir neçə il əvvəl Çində aparılan araşdırmada üzə çıxıb ki, Quandoqda istehsal olunan uşaq geyimlərinin yarısı sağlamlığa zərərlidir. Onların istehsalında formaldehit maddəsindən geniş istifadə olunur. Odur ki, Ümumdünya Səhiyyə Təşkilatı Çində istehsal olunan uşaq paltarlarında qədərindən 900 dəfə artıq formaldehit istifadə olunduğunu bildirərək ehtiyatlı olmağa çağırıb. Çünki bu maddə xərçəngə yol aça bilər.
Hətta heyvanlar üzərində aparılan araşdırmalar göstərir ki, formaldehit xərçəng törədir

Dəri-zöhrəvi həkimi Aqşin Kəngərli deyir ki, rəngsiz və kəskin pis iyi olan bu kimyəvi maddə vücuda daha çox tənəffüs və dəri yolu ilə təsir edə bilər: “Dəridə qızartı, qaşınma, göz, burun, boğazda qıcıqlanma ola bilər. Bəzən yorğunluq, yuxulamaq, baş ağrısı, baş gicəllənməsi, huşunu itirmə kimi hallara da təsadüf edilir. Elə hallar da olur ki, kəskin allergiya verir. Gündəlik olaraq belə paltarlardan istifadə təhlükəlidir”.

Hətta heyvanlar üzərində aparılan araşdırmalar göstərir ki, formaldehitin xərçəng törətmək qabiliyyəti də var.

Yumadan geyməyin
İstehsal zamanı standartdan kənar xammal və boyalardan istifadədə kimyəvi maddələrin miqdarı artır

Aydın olur ki, bu geyimlərdən bədəni formalaşmaqda olan uşaqlar istifadə etməli deyil. FşKəngərli deyir: “Heç olmasa bu paltarlar geyinməzdən əvvəl yaxşıca yuyulsun. Adətən, bu cür geyimlər rəngarəngliyi ilə də cəlb edir. Halbuki, bu kimyəvi boyaqlar və bəzəklər sağlamlığa ziyanlıdır. Xüsusilə də uşaq paltarlarını alarkən sadə olanları seçin. Çünki istehsal zamanı standartdan kənar xammal və boyalardan istifadədə kimyəvi maddələrin miqdarı artır”.

“Gözəllik ondur, doqquzu dondur” desələr də, unutmayaq vacib olan – sağlamlıqdır. Bəlkə də elə ona görə dədə-babalarımız gözəlliyin 10-cu ölçüsünü dona bağlamayıblar.bakupost.az