Təhsil işçilərinin sentyabr konfransı keçirilir – YENİLƏNİB

Bu gün Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva 2022-2023-cü tədris ilində İdarənin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, paytaxtda ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb.

İdarə müdiri növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələr barədə məlumat verib. Bildirib ki, məktəbəqədər təhsildə əhatəliliyin və keyfiyyətin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin artırılması, XXI əsr bacarıqlarının inkişaf etdirilməsi və digər istiqamətlər əsas hədəflər sırasındadır.

M.Vəliyeva, həmçinin ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi kimi vacib missiyanın daşıyıcısı olan təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi işininin daha da təkmilləşdirilməsi, ibtidai siniflərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması və digər vacib istiqamətlərin də növbəti dərs ili üçün əsas məqsədlərdən olduğunu diqqətə çatdırıb.

BŞTİ müdiri bütün təhsil işçilərinə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb, ümummilli hədəflərə çatmaqda həlledici qüvvə olacaqlarına inandığını söyləyib.

Konfransda elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib. Nazir ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların təhsil sektoruna müsbət təsirlərindən danışıb, təhsilin inkişafının dövlət siyasətində əsas prioritetlərdən biri olduğunu söyləyib.

E.Əmrullayev ötən tədris ilində əldə olunan nailiyyətlərdən, aparılan təhsil islahatlarından, mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, perspektivdə nəzərdə tutulan məsələlərdən, yeni tədris ilinin əsas hədəflərindən bəhs edib.





 

Bakı şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilir.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, ali məktəb rektorları, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.
Tədbirdən öncə iştirakçılar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər düzüblər. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.
Konfrans Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.