Tələbələr: “Bizdən pul tələb edilir…”

Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almaq olduqca çətinləşib. Biz tələbələrə Azərbaycan xalqının təhsil alan gəncləri kimi və gələcəyin bir şəxsiyyəti kimi yox, sanki marketdə satılan hər hansı bir əşya kimi baxırlar. Universitetdə imtahan sessiyasında hörmətli rektorumuz Zəfər Qurbanovun sayəsində bütün imtahanlarımızı şəxsən onun rəhbərliyi və ciddi nəzarəti altında saf, təmənnasız və heç bir pul-rüşvət olmadan başa vurduq. Lakin imtahan sessiyasından sonra nəzarətsiz qalan tədris və istehsalat təcrübəsində bir qrup cəllad-rüşvətxor, dinsiz-imansız və Uca Allahdan qorxmayan, Azərbaycan Dövlət Aqrar Universitetinə təhqir və ləkə olan, ölkə rəhbərinin apardığı siyasətə xəyanət edən bir qrup müəllimlər təcrübəyə ticarət obyekt kimi baxaraq bizimlə yay-təcrübə bazarlığı etməyə qalxıblar. Biz tələbələr bu barədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Kənd Təsərrüfatı Naziri Cənab Məcnun Məmmədova və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanova rəsmi mətbuat vasitəsilə müraciət etmək qərarına gəldik.

Bu barədə Azərbaycan Dövlət Aqrar Universitetin Aqrobiznes və idarəetmə fakültəsi və Mühəndislik fakültəsinin bir qrup tələbəsi göndərdiyi şikayət məktubunda qeyd edib. Tələbələr bildirib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrobiznes və idarəetmə” fakültəsinin Menecment (Alman proqramı üzrə) I və II kurs tələbələrinə 6-19 iyul 2023-cü il tarixində “Kənd təsərrüfatı texnikası” fənni üzrə təcrübə keçirilməlidir. Lakin Kənd təsərrüfatı texnikası və texniki servis kafedrasının müdiri Aydın İsayevin təcrübə əvəzinə tələbələrlə al-ver edir:

“Bir qrupda 17 və digər qrupda 20 nəfərik. Təcrübəyə gəldiyimiz ilk gündən kafedranın müdiri Aydın İsayev bizə istehsalat təcrübəsinin keçirilməsi barədə təlimat və proqram vermək əvəzinə, sanki bizlə marketdə malın qiymətini müəyyən etmək üçün bazarlıq aparır. Normal təcrübə keçmədikləri üçün bir çox tələbə pul verib təcrübədə iştirak etmədən gedir.

Biz aqrar sahədə menecment ixtisasına yiyələnmək istəyiriksə, əlbəttə təcrübə bizə çox məsuliyyətli və təcrübəli müəllimlər tərəfindən keçirilməlidir. Ancaq bunu düşünməyən Aydın İsayev haqqında yuxarı kurs tələbələri və magistrlər “ona heç kim bata bilməz” deyirlər. İstədiyini alır, istədiyini yazır və heç kimdən qorxmuram deyir.

Aydın İsayev kafedranın bir qrup müəllimi ilə (Ayaz Həsənov) dəfələrlə rüşvət, pul yığmağına baxmayaraq gözünün üstündə qaşın var deyən yoxdur. Belə ki, prorektorlar da onun müdafiəsinə qalxırlar. Dekanı belə təhqir etməkdən çəkinmədi. Belə çıxır ki, dəqiq də olmasa yuxarı kurs tələbələrin dediyinə görə yığdığı puldan prorektorlara da hesab verir.

Bizim ixtisasın dekanı Əlövsət Əsgərov da rüşvətxordur, vaxtilə korrupsiyada onun da adı hallanırdı.

Ticarəti beynəlxalq səviyyədə və müasir şəraitdə bacaran Aydın İsayev mətbuatda qeyd edildiyi kimi müvafiq qurumların hesab faizini verməyi bacarır. Bu barədə deyilənə görə, rüşvət üstündə müdirlik vəzifəsindən qovulan Ayaz Həsənov da Aydın İsayevə özünün köhnə təcrübəsindən istifadə etməyi öyrədib. Həmin peşəkarlıqdan istifadə edərək heç kimdən çəkinməyən kafedra müdiri indi bizdən təcrübəyə gələndən 100-150 manat, gəlməyəndən isə 200-300 manat müqabilində pul istəyir. Hətta kimə belə desək bizi hədələyirlər”.

Tələbələr bu problemi universitetin rektoru Zəfər Qurbanovdan başqa heç kəsin həll edə bilməyəcəyini bildirir və ondan kömək gözləyirlər:

“Biz ölkə rəhbəri hörmətli Prezidentimizdən, Kənd təsərrüfatı nazirimizdən və rektorumuzdan xahiş edirik ki, bizim Kənd təsərrüfatı texnikası fənni üzrə təcrübənin normal şəraitdə keçirilməsini, sonda hesabat və gündəliyin şəffaf qiymətləndirilməsini nəzarətə götürəsiniz və Aqrar Universitetə ləkə və təhqir sayılan, ixtisasını belə bilməyən, bazarkom kimi tanınan Kənd təsərrüfatı texnikası və texniki servis kafedrasının müdiri Aydın İsayevin əməlləri və özbaşınalığı barədə tədbir görəsiniz”.