Təyinatı üzrə xərclənməyən 6.425 min – Sumqayıt Səhiyyə Şöbəsində nə baş verir?

Xəbər verdiyimiz kimi, bir xeyli əvvəldən Maliyyə Nazirliyi Sumqayıt Şəhər Səhiyyə Şöbəsində yoxlama aparıb və təmir-tikinti üçün ayrılmış pulun 6.425 min manatının təyinatı üzrə xərclənmədiyini aşkarlayıb. Həmin yoxlama zamanı məlum olub ki, ümumiyyətlə sözügedən məbləğdə pul xərclənməyib, lakin xərclənmiş kimi göstərilib.

Bildirək ki, bu hadisədən sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dərhal əvvəlcə Maliyyə Nazirliyi ilə danışıq aparmağa çalışıb. “Ənənəvi üsul”dan istifadə etmək istəsə də, niyyəti baş tutmayıb. Daha doğrusu, nazirlik icra başçısına 6.425 min manatlıq  pulun ödənilməsi qarşılığında bir ay möhlət verib. Fərəcov da dərhal işçilərini başına yığaraq, məsələni onlara nəql etməklə yanaşı, həm də hərənin “payı”na nə düşəcəyini çatdırıb.

Gələn xəbərlərdən belə məlum olur ki, Fərəcov üzərinə düşən 3 milyon manatı müavinləri və yaxınlarını “səfərbər” edərək, toplayıb və büdcəyə köçürüb. Yerdə qalan 3.5 milyon manatın 2 milyonu da ayrı-ayrı idarə və müəssisə rəhbərləri tərəfindən “təmin” edilib. Lakin ərazi-idarəetmə şöbəsinin müdiri Gündüz Əliyevin öhdəliyində olan 1.5 milyon manatın isə vaxtında çatdırılmaması ortalığı qarışdırıb. Belə ki, Gündüz Əliyev həmin pulun cəmi 800 min manatını toplaya bilib. Yerdə qalan 700 min manatı isə yığmaq üçün çətinə düşüb.

G.Əliyev bir aya yaxındır ki, Sumqayıt Nəqliyyat Departamentinin binasında əyləşərək şəhərdaxili marşrutlardan toplanan pulları götürməklə məşğuldur. Məlumata görə, şöbə müdiri gündəli “kassa”nı götürüb, birbaşa rəsmi hesaba köçüsə də, yerdə qalan pulu düzəldə bilməyib. Qeyd edilir ki, sözügedən şəxs hazırda da Nəqliyyat Departamentində əyləşir və həmin 700 mini düzəltməyə çalışır.

Lakin gələn xəbərlərdə vurğulanır ki, Fərəcov və komandasının davamlı cəhdlərinə və onlara verilmiş möhlətə baxmayaraq, heç bir nəticə əldə edə bilməyiblər. Nəticədə, Maliyyə Nazirliyinin yoxlama qrupu yekun rəyini hazırlayaraq, onu Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edib.

Məlumatda deyilir ki, nazirliyin hazırladığı rəydə Sumqayıt səhiyyəsində kobud qanun pozuntularının olması faktı qeyd edilib. Xüsusən də ən çox yeyintinin Sumqayıt Təcili Tibbi Yardım Stansiyasında baş verdiyi aşkarlanıb. Həmçinin səhiyyə sahəsində təmir-tikinti işləri zamanı ayrılmış vəsaitin mənimsənildiyi vurğulanıb. İddialara görə, ötən həftə prokurorluq məlum məsələ ilə bağlı cinayət işi açıb.

vəziyyətin belə bir şəkil almasından sonra ötən həftə Zakir Fərəcovla Gündüz Əliyev arasında mübahisə yaranıb. Belə ki, icra başçısı şöbə müdirindən həmin pulu qısa müddətdə tapmağı tələb edib. Fərəcovun belə bir tələblə çıxış etməsinə səbəb isə Sumqayıt Səhiyyə Şöbəsində təmir-tikinti işlərinin məhz Gündüz Əliyevin şirkəti tərəfindən həyata keçirilməsidir. Yəni, icra başçısı şöbə müdirinə çatdırıb ki, “pulları yemisən, ində də gətir qaytar”.

Lakin bu hadisələr fonunda Sumqayıt səhiyyəsində başqa maraqlı hadisələr də baş verir. Məsələn, ötən həftənin cümə günü Səhiyyə Şöbəsinin baş mühasibi işdən çıxarılıb. Baş mühasib isə kənar adam olmayıb. Məlumata görə, işdən tez-bazar çıxarılan baş mühasib elə Sumqayıt İcra Hakimiyyətinin ərazi-idarəetmə şöbəsinin müdiri Gündüz Əliyevin dost-doğmaca bacısı olub. Güman ki, onun “aradan çıxarılması” isə istintaqdan uzaq tutmaq məqsədi daşıyır.

Qeyd edək ki, Sumqayıt Səhiyyə Şöbəsinin rəhbəri Səkinə Sadıxovadır. İddialara görə, o, yoxlama zamanı ona verilən suallara cavab olaraq bildirib ki, baş verənlər, keçirilən tenderlər, tikinti və digər işlərdən xəbəri olmayıb. O, bu tip sualların icra başçısı Zakir Fərəcova və şöbə müdiri Gündüz Əliyevə verilməli olduğunu da deyib.

Xatırladaq ki, Sumqayıt Səhiyyə Şöbəsi özündə 7 Sağlamlıq Mərkəzi,  18 tibb müəssisəsi, Təcili Yardım  və s. Kimi obyektləri birləşdirir.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

 

 

JAMAZ.İNFO