Taleh Qaraşov növbəti gürüş keçirib

07

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 1-də Xolmili və Şıxəkəran kəndlərində keçirdi.Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Xolmili inzibati ərazi dairəsi üzrə nümayəndəsi Amil Əliyev və Şıxəkəran inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramin Səfərov məlumat verərək bildirdilər ki, Xolmili kəndində 802 təsərrüfatda 2425 nəfər əhali, Şıxəkəran kəndində isə 850 təsərrüfatda 3080 nəfər əhali yaşayır.
Sonra Xolmili kənd sakinlərindən Güloğlan Bağırov, İsa Əliyev, Vəsilə Məmmədova, Şıxəkəran kənd sakinlərindən Vaqif Əsədov, Muxtar Əzizov və Vaqif Kərimov çıxış edərək ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər iki kəndin ərazisindən keçən Şürük-Vel-Qamışovka avtomobil yolunun əsaslı surətdə asfaltlaşdırılmasına görə dövlət başçımıza minnətdarlıqlarını bildirdilər, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında olan xidmətlərindən, hazırda cənab Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsindən, Lənkəranda aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinə görə İcra başçısı Taleh Qaraşovun həyata keçirdiyi tədbirlərdən danışdılar, qarşıdan gələn prezident seçkilərində ərazidə yaşayan sakinlərin fəal iştirak edərək dövlət başçımız İlham Əliyevə yekdilliklə səs verəcəklərindən ətraflı söhbət açdılar.
Sonra ayrı-ayrı kənd sakinləri şəxsi xahiş və problemləri ilə İcra başçısına müraciət etdilər, bir sıra təkliflər irəli sürdülər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov rayonumuzda əldə edilən nailiyyətləri cənab Prezidentin Lənkərana göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirdi.
İcra başçısı qeyd etdi ki, ölkə Prezidenti daim Azərbaycanı qarış-qarış gəzir, vətəndaşların gün-güzəranının, yaşayışının daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görür, sərəncamlar və fərmanlar imzalayır, iri həcmli layihələr həyata keçirir. Dövlətimizin büdcəsi sosial yönümlüdür. Hər bir Azərbaycan vətəndaşı cənab Prezidentin atdığı bu addımları dəstəkləyir, ürəkdən bəyənir.
Taleh Qaraşov möhtərəm Prezidentimiz İlham Əliyevin Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair imzaladığı sərəncamların uğurla icra edilməsindən, rayonumuzun dinamik inkişafının bundan sonra da davam edəcəyindən söz açdı, Lənkəranın daha da çiçəklənəcəyini əminliklə söylədi, hamını dövlət başçımızın ətrafında sıx birləşməyə çağırdı.
İcra başçısı sonda bugünkü səyyar qəbul-görüş zamanı qaldırılan təkliflərin daim diqqətdə saxlanılacağını və qısa zaman kəsiyində yerinə yetiriləcəyini bildirdi.