“Tikinti aparılarkən möhkəm dəmir, beton işləri görülmür…” – Deputat

“Azərbaycanda müxtəlif ərazilərdə körpülərin uçması bizdə çox böyük qayğılar yaradır. Körpülərin bəziləri yeni tikilib, bəziləri isə sovet dövründə, hətta ondan da əvvəl tikilənlərdir. Uçmaların təbii səbəblərlə yanaşı subyektiv səbəbləri də var”.

Bunu deputat Tahir Kərimli deyib.

O əlavə edib: “Hazırda körpülərin uçmasına əsas səbəb çaylarda suyun artması, körpü dayaqlarının yuyulması kimi proseslərdir. Eyni zamanda, tikinti aparılarkən möhkəm dəmir, beton işləri görülmür, armaturlar zəif, yaxud paslı qoyulur, sement az istifadə olunur, texnoloji ölçülər düzgün aparılmır, arxitektura və tarazlıq məsələləri düzgün ölçülüb-biçilmir. Buna görə də uçqun olanda, sel gələndə zəif yerlərdə deformasiyalar yaradır, nəticədə belə faciəli hadisələr baş verir”.

T. Kərimli qeyd edib: “Hər bir halda, körpülərin uçması bizim üçün böyük bir dərsdir. Yol, körpü tikintisi ilə məşğul olanlar bu haqda çox ciddi düşünməlidirlər ki, körpülər 5-10 il deyil, 100 illərlə ömrü olan qurğular olmalıdır. Məsələn, Xudafərin körpüsü qədimdə tikilməsinə baxmayaraq, o qədər doğru ölçülüb-biçilib ki, uçquna, selə davam gətirir. Hesab edirəm, bu məsələdə əsas mühəndis dəqiqliyi, eyni zamanda işlənən materialların yüksək keyfiyyəti tələb olunur”.

Xatırladaq ki, son 3 gündə Azərbaycanda 2 dəfə körpü uçması baş verib.