Toğrul Hüseynov Milli Məclisdə Bələdiyyələrin fəaliyyətinə dair illik məruzəsini təqdim edib
Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
XALQ.AZ xəbər verir ki, Milli Məclis Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edilib,
Ədliyyə nazirinin müavini Toğrul Hüseynov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəni təqdim edib.
Bildirilib ki, 2024-cü il Azərbaycan üçün mühüm və əlamətdar ictimai-siyasi hadisələrlə zəngin olub. Belə ki, Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edilib. İşğaldan azad edilmiş ərаzilərdə genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilib, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq əhalinin doğma torpaqlarına qayıdışı təmin olunub. Eyni zamanda ötən il keçirilən növbədənkənar prezident seçkiləri və Milli Məclisə növbədənkənar seçkilər Azərbaycanın müstəqillik tarixində ilk dəfə ölkənin bütün suveren ərazisini, o cümlədən işğaldan azad edilmiş torpaqları əhatə edib. Bununla yanaşı, “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuş 2024-cü ildə Azərbaycan dünyanın mötəbər beynəlxalq tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməklə qlobal əhəmiyyətli qərarların qəbuluna nail olub. Habelə, ölkəmizdə bələdiyyələrin formalaşmasının 25 ilinin tamam olmasi və 2025-ci il yanvarın 29-na təyin edilən növbəti bələdiyyə seçkiləri də ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdəndir.
Qeyd olunub ki, ötən il ərzində yerli özünüidarəetmənin inkişafı məsələləri diqqətdə saxlanılıb, bələdiyyələrin fəaliyyətində qanunçuluğa əməl edilməsi, qanunvericiliyin tələblərinin pozulması hallarının, onları yaradan səbəblərin aradan qaldırılması, bələdiyyələrə göstərilən metodoloji köməkliyin gücləndirilməsi istiqamətində işlər davam etdirilib. Yerli özünüidarəetmənin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilib və mövcud qanunvericiliyə bir sıra zəruri dəyişikliklər edilib.
Diqqətə çatdırılıb ki, hesabat ilində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 102831, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2557 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 99838 aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Normativ hüquqi aktların tələblərinə zidd olan 2594 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib. Ümumilikdə, həm aktlar həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı 2600-dən çox aktın dəyişdirilməsi və ya ləğv edilməsi təklif olunub. Bələdiyyələrin fəaliyyəti ilə bağlı baxılmış 4337 müraciətdən 463-ü təmin edilib. Şəhid ailəsi üzvlərinin, müharibə əlili və iştirakçılarının müraciətləri xüsusilə nəzarətdə saxlanılıb və belə müraciətlərdən 108-i təmin olunub.
Qeyd olunub ki, aparılmış araşdırmalar zamanı 51 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 21-i üzrə cinayət işi başlanılıb. Ötən il ərzində 103 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 77 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 16 inzibati xəta protokoluna xitam verilib, 11-i isə hazırda məhkəmələrin icraatındadır.
Bildirilib ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 9720 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib, həmin torpaqların bələdiyyə mülkiyyətinə qaytarılması təmin edilib.
Nəzərə çatdırılıb ki, 2024-cü ildə bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması məqsədilə büdcə gəlirlərinin artırılması, o cümlədən vergitutma obyektlərinin uçotunun dəqiqləşdirilməsi və uçotdan kənarda qalan vergitutma obyektlərinin vergiyə cəlb edilməsi, vergilərin və digər debitor borcların qanunauyğun hesablanaraq yığılması, əvvəlki illərdə icarəyə verilmiş bələdiyyə torpaqlarının icarə haqlarının mövcud bazar qiymətlərinə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilib.
“Elektron icra” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən 2024-cü il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 11290 inzibati akt icra məmurları tərəfindən icraata qəbul olunub və icraatda qalıqla birgə 16785 inzibati akt olub. Onlardan 6669 aktın icrası təmin edilib.
Ötən il ərzində yerli özünüidarəetmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilib. Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib.
İnzibati nəzarət zamanı müəyyən edilmiş hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınması məqsədilə ayrı-ayrı bələdiyyələrə vətəndaş məmnunluğunun yüksəldilməsi, bələdiyyə aktlarının qəbulu, vergi və ödənişlərin toplanılmasına nəzarətin gücləndirilməsi, büdcə vəsaitindən istifadə, bələdiyyə torpaqlarının idarə olunması və bir sıra digər məsələləri əhatə edən tövsiyələr göndərilib. Bələdiyyələrlə onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan arasında elektron sənəd dövriyyəsi təşkil edildikdən sonra bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi hallarının, habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.
Qeyd edilib ki, yerli özünüidarəetmə sahəsində aşkarlığın, şəffaflığın, ictimai iştirakçılığın artırılması ilə bağlı da ardıcıl tədbirlər görülüb. İl ərzində yerli özünüidarəetmə sahəsində görülən işlər barədə vətəndaşların məlumatlandırılması, aktual məsələlərlə bağlı bələdiyyələrin maarifləndirilməsi məqsədilə media subyektlərinin imkanlarından geniş istifadə edilib. Hazırlanmış müxtəlif tövsiyələr, bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi üzrə keçirilmiş müxtəlif tədbirlər Ədliyyə Nazirliyinin rəsmi saytında, “Bələdiyyələrlə iş” informasiya sistemində və digər saytlarda işıqlandırılıb. Yerli əhalinin rifahı naminə görülən işlər barədə bukletlər, broşürlər, video-çarxlar hazırlanaraq təqdim olunub. Sosial media vasitələrindən də aktiv istifadə edilərək yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuralarının “facebook” səhifələrində məlumatlar paylaşılıb. Bununla yanaşı, 2024-cü ildə Ədliyyə Nazirliyi tərəfindən, həmçinin müxtəlif maarifləndirmə və tədris tədbirləri təşkil olunub, metodiki tövsiyələr hazırlanıb, digər dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilib.
Bildirilib ki, ölkəmizdə yerli özünüidarəetmənin səmərəliliyinin artırılması məqsədilə 2024-ci il ərzində Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları, o cümlədən Prezident Administrasiyası, Milli Məclis və onun aidiyyəti komitələri ilə sıx əməkdaşlıq davam etdirilib. Həmçinin xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları arasında səmərəli təcrübə mübadiləsi aparılıb. 2024-cü ildə ölkəmizdə bələdiyyələrin yaranmasının 25 ilinin tamam olması ilə əlaqədar Milli Məclisin Regional məsələlər komitəsi, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları və digər aidiyyəti qurumların iştirakı ilə silsilə tədbirlər keçirilib. Habelə bələdiyyələrin birləşməsi və keçirilmiş növbəti bələdiyyə seçkiləri ilə əlaqədar müvafiq hüquqi maarifləndirmə tədbirləri həyata keçirilməkdədir.
Vurğulanıb ki, ümumilikdə 2024-cü il ərzində görülən işlər ölkəmizdə bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi ictimai nüfuzunun yüksəldilməsinə və onların fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsinə xidmət edir.