“Tolstoy, Zatulin, Milonov və digərilərinin xoşuna gəlməsə də, Azərbaycan öz bildiyini edir”

“Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoyun açıqlaması anlaşılan deyil. Bunu Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı müttəfiqlik haqqında Bəyannamənin ruhuna zidd olmaqla, ölkələrimizarası münasibətlərə kölgə salmağa cəhd hesab edirəm”.

Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

O, bildirib ki, son illər Azərbaycan Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir, amma təəssüf ki, Rusiyanın ermənipərəst siyasətçiləri düşmənçilik və təxribat ruhlu açıqlamalar verməklə ölkələrimizarası münasibətlərə xələl gətirməyə çalışırlar:
“Həm də təəssüf doğurucu məqamlardan biri də Rusiya mətbuatında Azərbaycana qarşı təbliğatın genişlənməsidir. Ölkəmizə olan bu informasiya hücumunun Rusiya XİN-in Laçın yolu ilə bağlı açıqlamasından sonra vüsət almasını təsadüfi hesab etmirəm. Amma onlar unudurlar ki, Azərbaycan müstəqil ölkədir və heç kimdən asılılığı yoxdur. Bu gün Azərbaycan dünya dövlətləri sisteminin fəal üzvüdür. O cümlədən, dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Həm də BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilərək, bu təşkilata sədrlik etmişdir. O cümlədən, Azərbaycanın Rusiyadan asılılığı yoxdur və 32 ildir ki, öz müstəqilliyini yaşayır və möhkəmləndirir”.
“Azərbaycan – Rusiya münasibətləri qarşılıqılı hörmət əsasında qurulub. Azərbaycan atdığı addımları Ermənistandan fərqli olaraq, kimlərinsə diqtəsi ilə deyil, ancaq müstəqil şəkildə atır. Tolstoy, Zatulin, Milonov və digərlərinin xoşlarına gəlməsə də, Azərbaycan beynəlxalq münasibətlərini bütün ölkələrlə müstəqil dövlət ruhunda davam etdirir. Azərbaycana düşmən gözü ilə baxan dairələr bilməlidirlər ki, Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında təmin etmişdir. Bu gün ölkədaxili məsələləri də heç kimlə müzakirə aparmadan daxili qanunlara uyğun tənzimləyir. O cümlədən, Qarabağda ermənilərin yaşadıqları və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilər də Azərbaycanın suverən ərazisinin tərkib hissəsidir. Pyotr Tosltoya xatırlatmaq istəyirəm ki, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın icrasına Rusiya da öhdəlik götürüb. Belə ki, Azərbaycan bu bəyanatdan irəli gələn bütün məsələləri icra etmişdir. Amma Ermənistan və Rusiya imza atdığı öhdəlikləri hələ də icra etmir və Tolstoy və Zatulin kimilər Üçtərəfli Bəyanatın icrasından danışmağın əvəzinə, Ermənistana haqq qazandırmağa çalışır. Lakin onlar bilməlidirlər ki, Ermənistan və Rusiya öz öhdəliklərini icra etməzsə, Azərbaycan Üçtərəfli Bəyanatı qüvvədən düşmüş hesab edə bilər və Ermənistanla sərhədi tamamilə bağlamaq hüququna malikdir. Amma Azərbaycan hələ də humanistlik nümayiş etdirərək, Laçın yolunu humanitar hərəkətlər üçün açıq saxlayaraq, Ermənistan və Rusiyadan Üçtərəfli Bəyanatın 4,6 və 9-cu bəndlərinin icrasını tələb etməklə kifayətlənir. Onlar bilməlidirlər ki, Azərbaycan əbədi gözləmə mövqeyində dayanmaq fikrində deyil. 30 ildən sonra döyüş meydanında öz ərazi bütövlüyünü təmin etdiyi kimi, Qarabağda yaşayan ermənilərin məsələlərini də ölkə qanunlarına uyğun həll etməklə, bu məsələyə nöqtə qoya bilər”, deyə Azər Badamov bildirib.
Deputat əlavə edib ki, Pyotr Tolstoyun açıqlamasına görə, Rusiya Dövlət Dumasına etirazımızı göndərməyi və dövlətlərarası münasibətlərə xələl gətirəcək belə məsələlərdə deputatların məsuliyyətli davranmalı olduqlarını nəzərə çatdırmağı vacib hesab edirəm.