Nəsimi rayon İcra Hakimiyyətində Milli Mətbuatın 148 illiyi ilə əlaqədar tədbir keçirilib

Nəsimi rayon İcra Hakimiyyətində Milli Mətbuatın 148 illiyi ilə əlaqədar tədbir keçirilib.

Görüşü giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qonaqları salamlayaraq bildirib ki, 148 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub.

Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib: “Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – 22 iyul Azərbaycan Milli Mətbuat günü elan edilib. Müstəqilliyin əldə edilməsindən sonra informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verib”.

Çıxışına davam edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, və YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıb, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışıb.

Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.