Toylar başlayır

Məhərrəm və səfər aylarının başa çatması ilə sabahdan restoran və şadlıq saraylarında toy və nişan məclislərinin keçirilməsinə başlanacaq.
Bakıda fəaliyyət göstərən şadlıq evlərinin bir çoxunda sentyabr ayı üçün boş yerlər, demək olar ki, qalmayıb.
Oxşar vəziyyət gəlinlik salonları, avtomobil sifarişləri və digər toy xidmətlərində mövcuddur. Bir neçə ay bundan öncə bron edilən xidmətlərdən sabahdan etibarən istifadə ediləcək.
Bəs toy etmək üçün gənclər nə qədər xərc çəkməli olurlar?
Bu suala cavab tapmaq üçün kiçik araşdırma apardıq. Gəlinlik salonlarında ən ucuz gəlinlik 500 manatdan başlayır 5 min manata qədər artır. Xanımlar toy günü gözəllik salonunda isə azı 100-150 manat xərcləməli olurlar. Kişilər üçün qiymət 30-50 manat arasında dəyişir.
Avtomobil kirayəsində qiymətlər isə modelə görə dəyişir. Belə ki, ən ucuz avtomobil 100 manata başa gəlirsə, maksimum 800 manat xərcləməli olurlar.
Şadlıq saraylarındakı qiymət də fərqlidir. Məkanın tutumu, menyusu və yerləşdiyi əraziyə görə qiymətlər fərqlidir. Belə ki, 40 manatdan başlayan qiymətlər 200 manatadək qədər artır.