“Turizm bizim üçün vacib sahələrdən biridir” – Prezidentin köməkçisi

“Azərbaycan dost və qardaş dövlət kimi qəbul etdiyi Səudiyyə Ərəbistanı ilə güclü strateji əlaqələr qurmağa çalışır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər dostluq, qardaşlıq və tərəfdaşlıq xarakteri daşıyır.

“Azərbaycan xalqı qardaş ölkə Səudiyyə Ərəbistanının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləməklə bağlı qəti mövqeyini yüksək qiymətləndirir. Öz növbəsində, Azərbaycan da Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatları ilə hücumları qeyd-şərtsiz pisləyir, bunları qəbuledilməz hesab edir”, – H.Hacıyev söyləyib.

Azərbaycan Prezidentinin köməkçisinin sözlərinə görə, Bakı ilə Ər-Riyad arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

“Turizm bizim üçün vacib sahələrdən biridir: Azərbaycan ilə Krallıq arasında birbaşa uçuşların sayı artır”, – o bildirib.

Statistikaya görə, 2022-ci ildə Azərbaycana 100 minə yaxın Səudiyyə Ərəbistanı vətəndaşı səfər edib: “Biz əlaqələrdə daha da irəliləyiş olacağını gözləyirik, Səudiyyə Ərəbistanı ilə iqtisadi-ticarət sektorunda əməkdaşlığı daha da inkişaf etdirməyə, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi kimi sahələrdə investisiyaların və əlaqələrin artmasına çalışırıq”.

H.Hacıyev Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası layihələrində Səudiyyə Ərəbistanı şirkətlərinin fəal iştirak edəcəklərini gözlədiyini bildirib.

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycana sərmayə qoyan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin fəaliyyəti hesabına da olmaqla, bərpa olunan enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi gözlənilir.

O vurğulayıb ki, Azərbaycan ənənəvi enerji resurslarının – neft və qazın ixracatçısı kimi öz gələcək enerji təhlükəsizliyini təmin etməyə çalışır və Prezident İlham Əliyevin də bildirdiyi kimi, hazırda ölkə yaşıl enerjinin istehsalı və ixracını artırmağa çalışır: “Azərbaycanın bu sahədə böyük potensialı var”.

H.Hacıyev əlavə edib ki, hazırda bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində iş aparılır.

Prezidentin köməkçisi Azərbaycanın OPEK-ə daxil olma ehtimalını şərh edərkən söyləyib ki, ölkə artıq OPEC+ üzvüdür və bu format çərçivəsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edir və tələb və təklif arasında müvafiq balansı təmin etmək üçün dünyada neftin qiymətinin sabitliyinə töhfə verməyə çalışır: “Biz bu format çərçivəsində fəal əməkdaşlıq edirik. Bu baxımdan energetika nazirlərimizin tez-tez qarşılıqlı səfərlər etməsi, onlar arasında görüşlər və məsləhətləşmələr keçirilməsi böyük əhəmiyyət kəsb edir”.

Onun sözlərinə görə, iki ölkə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində bir-birini dəstəkləyir. “Biz Səudiyyə Ərəbistanının Azərbaycanın Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (KƏDƏŞ) və Ərəb Dövlətləri Liqası ölkələri ilə əlaqələrinin möhkəmlənməsindəki rolunu yüksək qiymətləndiririk”.

H.Hacıyev bildirib ki, KƏDƏŞ-in Baş Katibliyi ilə Azərbaycan Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr mexanizmini müəyyən edən anlaşma memorandumu mövcuddur.

“Biz regional və beynəlxalq təhlükəsizlik məsələlərini həll etmək üçün Körfəz ölkələri ilə Azərbaycan arasında təhlükəsizlik dialoqunda iştirak edə bilərik. Bundan əlavə, iqtisadi və ticarət əlaqələri, qarşılıqlı humanitar fəaliyyət sahəsində gələcək əməkdaşlığı gözləyirik”, – o bildirib.

İranla münasibətlərlə bağlı sualı cavablandıran H.Hacıyev qeyd edib ki, İran Azərbaycanla qonşudur:

“Azərbaycan qonşuları ilə ərazi bütövlüyünə, suverenliyə qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan münasibətlər qurur. Azərbaycan və İranı bir-birinə tarixi qonşuluq bağları bağlayır, lakin bu yaxınlarda Azərbaycanın İrandakı səfirliyinə edilən hücum və səfirlik əməkdaşının öldürülməsi münasibətlərimizdə gərginliyə səbəb olub. Bu gərginliyin aradan qaldırılması üçün xarici işlər nazirləri səviyyəsində dialoq davam edir”.

Qeyd edək ki, H.Hacıyevin Səudiyyə Ərəbistanına səfəri iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi və bunun üçün yeni imkanların araşdırılması planları fonunda reallaşıb.