Türk liseylərilə bağlı qərar verildi

Turk

Bir müddət əvvəl fəaliyyətini dayandırmış türk liseyləri kimi tanınan və “Çağ Öyrətim İşlətmələri”nə daxil olan məktəblərin şagird və müəllim kollektivilə bağlı nəhayət qərar verildi.

Həmin məktəblərin şagirdlərinin valideyinlərindən aldığımız məlumata görə, keçmiş “Dədə Qorqud” özəl Türk liseyində Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə iclas olub. Onlara bildirilib ki, “Çağ Öyrətim İşlətmələri”nə daxil olan türk liseylər Zərifə Əliyeva adına liseyin “Eksperimental pilot sinifləri” kimi fəaliyyətlərini davam etdirəcək. Verilən məlumata görə, məktəbdə çalışan müəllimlərin ştatında isə heç bir dəyişiklik yoxdur.

Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehovun sözlərinə görə, bu o deməkdir ki, şagirdlər yeni tədris ilində təhsillərini, həm Bakı şəhərində Zərifə Əliyeva adına liseyin “Eksperimental pilot sinifləri”ndə öz təhsilərini davam etdirə biləcəklər.

XALQ.AZ-ın Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakıda Akademik Zərifə Əliyeva adına liseydə, regionlardan isə Gəncə, Şirvan, Quba, Lənkəran, Mingəçevir və Ağdaşda fəaliyyət göstərən və şagirdlərinin nailiyyətlərinə görə həmin bölgədə ilk pillələri tutan dövlət ümumtəhsil müəssisələrində “Eksperimental pilot sinifləri”n açılması barədə qərar qəbul edib.

Qəbul olunmuş qərara əsasən, “Eksperimental pilot siniflər” həmin şəhərlərdə mövcud olan ABTK-nın bağlanmış lisey binalarında yerləşdiriləcək və seçimini etməmiş şagirdlərə könüllü əsaslarla bu məktəblərə keçmək təklif olunacaq.

“Eksperimental pilot siniflər”də tədrisin təşkili üçün özəl təhsil qurumlarının cəlb olunması nəzərdə tutulur. Burada tam orta təhsil proqramından əlavə, ayrı-ayrı fənlərin dərinləşdirilmiş, o cümlədən xarici dillərdə tədrisi proqramı tətbiq olunacaq.