Türkiyə demokratiyasının yeni bir səhifəsi açıldı

“Mart ayının 31-də Türkiyədə keçirilən bələdiyyə seçkiləri hər şeydən öncə qardaş ölkədə demokratiyanın yeni təntənəsi kimi yadda qaldı. Çünki Türkiyə siyasi sisteminin özünəməxsus mədəniyyəti var. Bu mədəniyyətin ən səviyyəvi xüsusiyyəti ondan ibarətdir ki, qalib qələbəsini etiraf edirsə, məğlub tərəf də məğlubiyyətini etiraf edir. Bu dəfəki seçkilərdə də biz bunun şahidi olduq. Düşünürəm ki, bu, milli mədəniyyətin tərkib hissəsi olan siyasi mədəniyyətin ən gözəl nümunələrindən biridir”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat sözlərinə davam edərək bildirib ki, bu seçkilər bir millət, iki dövlətin seçkiləri olduğuna görə Azərbaycan ictimaiyyətinin də diqqət mərkəzində idi: “Qardaş ölkənin ayrılıqda bir çox şəhərləri də Azərbaycan şəhərləri ilə qardaşlaşıb. Amma məsələ ondadır ki, hər hansı bir şəhərdə bələdiyyə seçkilərini hansı partiyanın qazanmasından asılı olmayaraq Azərbaycana qarşı münasibət dəyişmir”.

“Bu iki dövlət arasında olan münasibətlər sadəcə siyasi ittifaq münasibətləri deyil, xalqların qardaşlıq münasibətləridir. Ona görə də bütün hallarda bu seçkilər Türkiyə demokratiyasının yeni bir səhifəsi oldu. Türk seçicilər böyük bir mədəniyyət nümayiş etdirərək göstərdilər ki, əgər haradasa sözün əsl mənasında demokratik seçkilər keçirilirsə, onlardan biri də Türkiyədir”,- deyə o əlavə edib.