Türkiyə Finlandiya və İsveçə vaxt qoydu – XƏBƏRDARLIQ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın NATO-ya üzvlük prosesi davam edən iki Skandinaviya ölkəsinə xəbərdarlıq edib.

Xalq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kalın parlamentdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sənədin təsdiqi üçün az vaxt qaldığını açıqlayıb.

“Bizdə növbəti parlament seçkiləri yaxınlaşdığı üçün vaxt məsələsi var. İsveç və Finlandiya NATO-ya tezliklə üzv olmaq istəyirsə, onların 2 ay və 2 ay yarım vaxtı qalıb”, – deyə Ərdoğanın sözçüsü vurğulayıb.

Qeyd edək ki, NATO-ya üzvlük alyans çərçivəsində konsensus yolu ilə mümkün olduğu üçün İsveç və Finlandiyanın təşkilata qoşulmasına Türkiyənin razılığı lazımdır. Rəsmi Ankara terrorla mübarizədə əməkdaşlıqdan yayındığı üçün bu iki ölkənin üzvlük prosesini dəstəkləmirdi. Daha sonra əldə olunan razılaşmaya görə, İsveç və Finlandiya müəyyən öhdəlikləri yerinə yetirəcəyi təqdirdə Türkiyə onların NATO-ya üzvlüyünə etiraz etməyəcəyini bəyan edib.