Türkiyədən vətənə maşınla gəlmək istəyənlərin diqqətinə

Türkiyədən vətənə şəxsi avtomobillə qayıtmaq istəyən Azərbaycan vətəndaşları səfirliklə əlaqə saxlamalıdırlar.

XALQ.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

H.Hacıyevin sözlərinə görə Türkiyədə o dövrdə şəhərlərarası nəqliyyatın fəaliyyətində məhdudiyyət mövcud idi:
“Avtomobillərin Gürcüstan ərazisinə daxil olması nəzərdə tutulurdu. O zaman xüsusi icazələr verilmişdi və vətəndaşlarımızın Türkiyədən Gürcüstana, oradan isə Azərbaycana gətirilməsini təmin etmək üçün bir neçə dəfə xüsusi avtobuslar da ayrılırdı. Hazırda Operativ Qərargaha belə bir müraciət yoxdur”.

O bildirib ki, Türkiyədən şəxsi avtomobillə ölkəyə qayıtmaq istəyən şəxslər Azərbaycanın qardaş ölkədəki səfirliyinə müraciət etməlidir:

“Bu şəxslərdən Türkiyədəki səfirliyimizlə əlaqə yaratmalarını xahiş edirik. Bu vəziyyətdə müəyyən qaydalar çərçivəsində Türkiyədən Gürcüstana, oradan isə tranzit yolu ilə Azərbaycana daxil olmaq üçün icazə əldə edilə bilər”.