Ünvanlı sosial yardımın verilməsi avtomatlaşdırılır

Pul

Ünvanlı sosial yardım almaq istəyənlərdən artıq heç bir sənəd tələb olunmayacaq.

XALQ.AZ-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib.

Yeni qaydalara əsasən vətəndaşdan yalnız internetlə və yaxud xüsusi köşklərdən istifadə edərək ərizə ilə müraciət etməsi tələb olunacaq. Daxil olan ərizələr daha sonra ayrı-ayrı dövlət qurumlarının informasiya bazaları əsasında xüsusi yaradılmış respublika mərkəzində araşdırılacaq. Bu zaman vətəndaşın ailə vəziyyəti və onun gəlirləri, hətta ilk dəfə olaraq xərcləri əsas götürüləcək. Növbəti mərhələdə ailənin evinə və təsərüfat sahələrinə baxış həyata keçiriləcək və vətəndaşın maddi durumu bal sistemi əsasında qiymətləndiriləcək. Sonda bütün bu araşdırmaların nəticəsində lazımi qədər bal toplayan şəxslər ünvanlı sosial yardım ala biləcəklər.

Layihə artıq hazırdır. Sadəcə olaraq əvvəlcə bir neçə rayonda sınaqdan keçiriləcək. Təxminən gələn ildən etibarən sistemin tətbiqinə başlanılacaq.