Vəhhabilərin növbəti hədəfi İmam Əskərinin məqbərəsidir

Vehabi

Bir neçə gün əvvəl minlərlə yaraqlı ilə İraqın ikinci böyük şəhəri Mosulu ələ keçirən İraq Şam İslam Dövləti (İŞİD) qruplaşması artıq paytaxt Bağdada yaxınlaşır. “AFP”-nin yaydığı xəbərə görə, 3 cəbhədən paytaxta girməyə çalışan İŞİD-çilər Bağdadın 60 kilometrliyindəki Diyala əyalətinin Bakuba şəhərini ələ keçirməyə cəhd edir. Artıq Diyalanın Celevla, əs Sadiyə qəsəbələri ilə yaxınlıqda olan bir neçə kənd İŞİD terrorçularının əlinə keçib.

İŞİD-çilərin hədəflərindən biri də 11-ci İmam Əl Əskərinin (ƏS) məqbərəsinin olduğu Samirə şəhəridir. Tikritlə Samirə şəhəri arasındakı Dur bölgəsində olan şahidlərin bildirdiyinə görə, İŞİD qüvvələri İraq ordusundan ələ keçirdiyi ağır hərbi texnika ilə cənuba doğru irəliləyir.

“AFP”-yə müsahibə verən yerli əşirət liderlərindən biri, İŞİD-çilərin qan tökmədən Samirə şəhərinə girmək üçün danışıqlar apardığını, İmam əl Əskərinin (ƏS) məqbərəsinə toxunmayacaqlarına dair yerlilərə təminat verdiklərini bildirib. Həmçinin bildirilir ki, yerli özünü müdafiə qüvvələri bu təklifi müsbət qarşılamayıblar və silahı yerə qoymaq fikrini qəbul etməyiblər.

Qeyd edək ki, ötən həftə də Samirə şəhərini ələ keçirməyə cəhd edən İŞİD-çilərin bu addımı uğursuzluğa düçar olmuşdu.