“Verilən Fərman bu tendensiyanın davamı hesab olunmalıdır” – Deputat

Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, dayanıqlı, artan rəqabət qabiliyyətli iqtisadiyyat, habelə dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət qüdrətli dövlət və yüksək rifah quruculuğunda ilk iki hədəf kimi müəyyən edilib.

İqtisadiyyatın bazis bilgiləri və təməl prinsipləri isə göstərir ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Azərbaycan Respublikası buna nail olmaq üçün iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasını vacib məqsəd olaraq müəyyən edib. Qeyri-neft sektorunda isə əsas hərəkətverici amillərdən biri tikinti sektorudur ki, o da yalnız iqtisadi sistemə deyil, həm də ölkənin sosial vəziyyətinə, ətraf mühitinə təsir edən əsas sahələrdəndir. Qeyd edilənləri, habelə ölkəmizin tikinti sektorunda son illər ərzində müşahidə olunan canlanma və tikinti-quruculuq işlərinin dinamik inkişafını nəzərə alaraq tikinti-şəhərsalma sahəsində normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı, normativ hüquqi aktların isə ziddiyyətsizliyi zəruri şərtə çevrilmişdir. Məhz bu zərurət rəhbər tutularaq iyunun 14-də Prezident İlham Əliyevin müvafiq fərmanları ilə tikinti-şəhərsalma sahəsində normativ bazanın təkmilləşdirilməsi ilə bağlı dəyişiklikləri və əlaqəli hüquqi aktların bu dəyişikliklərə uyğunlaşdırılmasını ehtiva edən yeni qaydalar qüvvəyə minmişdir. Qeyd edilməlidir ki, bu dəyişikliklər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq normayaratma fəaliyyətinin əsas prinsiplərini rəhbər tutaraq dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi, ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi, habelə insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalətin təmin edilməsinə hesablanıb.

Bu fikirləri  Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

“Bildiyiniz kimi, Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsasları, prinsipləri, eləcə də bu sahədə bütün subyektlərin hüquq və vəzifələrini aydın formada tənzim edən məcəllələşdirilmiş şəhərsalma və tikinti qanunvericiliyi mövcuddur. Lakin tikinti sektorunun dinamik inkişafı bu sahədə münasibətlərin xarakterini də zənginləşdirib və artıq mövcud qanunvericilik reallıqlardan geri qalır, münasibətlərin tənzimlənməsində sui-istifadələrə yol açan boşluqlar meydana çıxır. Beləliklə, mövcud situasiya dərhal normativ-administrativ müdaxiləni, şəhər və rayonların şəhərsalma və memarlıq üslubuna, o cümlədən ətraf mühitinə xələl gətirən, torpaq və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşa edilən özbaşına tikililərin qarşısının alınması istiqamətində əlavə tədbirlərin görülməsini zərurətə çevirmişdir.

Digər tərəfdən, tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalardan müşahidə olunan yayınmalar subyektlərin özləri üçün də ciddi problemlərə yol açır, tikinti obyektlərinin dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı ilə bağlı müayinə işlərinə cəlb edilməsi çətinləşir və əmlak üzərində hüquqların mövcud qanunvericilik çərçivəsində tanınması mümkünsüz hala çevrilirdi. Problemin məhz bu subyektlərdən qaynaqlanmasına baxmayaraq Prezident İlham Əliyev humanizm nümayiş etdirərək təhlükəsizlik tələblərinə ciddi riayət etməklə 2019-cu ildə “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 529 nömrəli Fərmanla dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı, o cümlədən istismara hazırlığı müayinələrin müsbət nəticələri əsasında 85 minədək mənzildən ibarət 408 çoxmənzilli yaşayış kompleksinin istismarına icazə verilmişdir”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, iyunun 14-də imzalanan fərmanlar, xüsusən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman bu tendensiyanın davamı hesab olunmalıdır və növbəti addım olaraq, qeyri-yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə sahibkarlıq subyektlərinin əmlakları üzərində mülkiyyət hüquqlarının tanınması prosesinin təşkil edilməsinə yönəlib. Bu, başqa adla həm də Prezident İlham Əliyev tərəfindən verilən tikinti amnistiyası hesab edilə bilər, çünki normativ hüquqi aktla 2023-cü il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur. Bunun üçün isə yeganə şərt yükdaşıyan konstruksiyaların dayanıqlı, möhkəm və seysmik cəhətdən davamlı olması, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı, qeyri-yaşayış binasının mühafizə zonalarından kənarda yerləşməsi və torpaq sahəsi üzərində hüquqla bağlı mübahisə olmamasıdır.

Bəhruz Məhərrəmov bildirib ki, bu humanist addımın digər mühüm xüsusiyyəti Fərmanın universal xarakter daşımasıdır, yəni, sadələşdirilmiş icazə rejimi qeyd edilən göstəricilərə cavab verən bütün qeyri-yaşayış təyinatlı tikinti obyektlərinə şamil olunur və prosesdən yararlanmaq üçün ən geci 2025-ci il yanvarın 1-dək Fövqəladə Hallar Nazirliyinə müraciət edilməlidir.

Fərmanın digər mühüm elementi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun tələblərinə müvafiq olaraq normaları ifadə edilərkən həddindən artıq ümumiləşdirmələrə yol verilməməsi ilə bağlıdır, yəni, nəzarət həyata keçirilərkən bütün müayinə mərhələləri və eləcə də hər mərhələ üzrə dəqiq icra müddətləri müəyyən edilib.

“Habelə Fərmanla Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədlərinə nail olunmasının səmərəliliyinin artırılması, dövlətin və subyektlərin mənafelərinin təmin olunması prosesində şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən ala biləcəklər. Bu həm də milli prioritetlərimizin realizəsi istiqamətində mühüm mərhələlərdən biri olacaq, çünki aydındır ki, gələcək dövrdə ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcəyindən ölkəni rəqabətdə irəli aparmaq üçün innovativliyi və rəqəmsallaşmanı stimullaşdıran ekosistem qurulması şərtdir.

Fərmanda diqqət çəkən ən vacib məqamlardan biri nəzarət subyektlərinin dairəsinin konkretləşdirilməsidir. Daha dəqiq desək, yerli səviyyədə dövlət şəhərsalma nəzarəti çərçivəsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması, özbaşına tikililəri aşkar etməli olan şəxslərin səlahiyyətlərinin konkretləşdirilməsi ipmerativ tələb kimi qoyulur və yerli icra hakimiyyəti başçılarına nəzarətin həyata keçirilməsi və qanunsuz tikintilərin qarşısının alınması məqsədilə məsul şəxslər təyin olunması tapşırılır”, – deyə deputat diqqətə çatdırıb.

O qeyd edib ki, Fərmanın ən mühüm xüsusiyyətlərindən biri imperativliyin sanksiyalarla müşahidə olunmasıdır, yəni, özbaşına tikilmiş bütün tikinti obyektlərinin mühəndis-kommunikasiya sistemlərinə qoşulması qadağan edilir, sözügedən qadağaya əməl edilmədiyi halda kommunal təchizat müəssisələrinin vəzifəli şəxslərinə Cinayət Məcəlləsi ilə cinayət məsuliyyəti müəyyən olunur. Həmçinin tikinti və şəhərsalma sahəsində fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyətinin artırılması məqsədilə İnzibati Xətalar Məcəlləsində mövcud sanksiyalar artırılır, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan özbaşına inşa edilmiş tikinti obyektlərinə münasibətdə inzibati məsuliyyət müəyyən edilir.

“Dəyişikliyin ümumi mahiyyətinə gəldikdə tikintiyə icazə icraatının optimallaşdırılması, bununla bağlı şəffaflıq və vətəndaş məmnunluğunun təmin olunması, tikinti hüquq münasibətlərinin iştirakçılarının məsuliyyət hissinin yüksəldilməsi baxımdan zərurəti şübhə doğurmur və həm nəzarətin sərtləşdirilməsi, həm də icazə icraatı istiqamətində atılan addımların Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyətinin prinsiplərinə əməl olunması və bu sahədə dövlət siyasətinin daha səmərəli formada həyata keçirilməsində töhfəsini verəcəyi şübhə doğurmur”, – deyə Bəhruz Məhərrəmov vurğulayıb.