Vüsal Hüseynov hesabat verdi

Dövlət Miqrasiya Xidmətinin (012) 919 – Çağrı Mərkəzi ötən il fəaliyyətini daha da gücləndirib. Miqrantlar Çağrı Mərkəzi vasitəsilə Xidmətə müraciət ediblər.

XALQ.AZ  xəbər verir ki, bunu yanvarın 14-də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında bildirib.

V.Hüseynov vurğulayıb ki, müraciətlər dərhal araşdırılıb və qaldırılan problemlər həll olunub. Pasport müddəti başa çatan miqrantların müvəqqəti yaşamasına icazə verilib. Əcnəbi vətəndaşlara şərait yaradıldı ki, onlar həmin sənədlərlə ölkə ərazisində problemsiz yaşaya bilsinlər. Əcnəbilərin rahatlığını təmin etmək üçün lazımi şərait yaradılıb.

2020-ci ildə Dövlət Miqrasiya Xidmətinin (DMX) elektron xidmətlərinə 12 min 599 nəfər müraciət edib. Ötən il Dövlət Miqrasiya Xidmətinə ölkəmizdə müvəqqəti olma müddətinin uzadılması, iş və yaşama icazələri ilə bağlı elektron müraciətlərin sayında 8,5 dəfə artım müşahidə edilib. Belə ki, 2019-cu ildə müraciətlərin sayı 1475, 2020-ci ildə isə 12 min 599 nəfər olub.

Xidmət rəisi, həmçinin bildirib ki, “ASAN xidmət” İndeksinə əsasən Dövlət Miqrasiya Xidməti ötən il mərkəzi icra orqanları arasında ən yüksək nəticəni göstərib. Bu rəqəm 85,54 faiz təşkil edib.

Ötən il Azərbaycana xarici ölkədən 52 nəfər qaçqın kimi müraciət edib.

409 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 8 nəfər isə vətəndaşlığa bərpa olunub. Yeni il bayramı ərəfəsində müraciətləri əsasında 3 şəhid anasına Azərbaycan vətəndaşlığı verilib.

V.Hüseynov əlavə edib ki, ötən il qaçqın statusunun alınması ilə bağlı müraciətlərdə 87 faiz azalma olub.

Xidmət rəisi bildirib ki, hazırda Azərbaycanda 118 409 əcnəbi yaşayır: “Ölkədə hazırda yaşayan əcnəbilərin 44805 nəfər Rusiya, 38698 nəfər Gürcüstan, 11 293 nəfər Türkiyə, 4145 nəfəri Ukrayna, 2662 nəfər İran, 16806 nəfəri isə digər ölkələrin vətəndaşlarıdır”.

Həmçinin “Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin yanvar-fevral aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə gələnlərin sayında artım olub”.
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bildirib.


Onun sözlərinə görə, 2020-ci il bütün dünyada COVID-19-la mübarizə ili kimi yadda qalıb:

“2019-cu ildə ölkəyə gələnlərin sayında artım olub. 2020-ci il koronavirus olmasaydı, dinamik artım olardı. Mart ayından pandemiya başladı və hələ də qüvvədədir. Sərhədlərdən keçidin məhdudlaşması miqrasiya proseslərinə də mənfi təsir göstərib”.
“Pandemiya başlayanda ölkədə 59 min 800 nəfər əcnəbi var idi ki, COVID-19-la bağlı vəziyyətə görə ölkəni tərk edə bilmirdi və etmək istəmirdi.
Bu şəxslərin müraciətləri leqallaşdı və xidmət tərəfindən heç bir əcnəbi ölkədən çıxarılmadı. Pasport müddəti bitən əcnəbilərin də müraciətləri nəzərə alındı”, – deyə o əlavə edib.