Xətai rayon sakinləri ağacların kəsilməsindən şikayət edir

Agac

Ağacların kəsilməsi haqda məlumat bu dəfə paytaxtın Xətai rayonu, Telnov 8 ünvanından gəldi.

XALQ.AZ-ın məlumatına görə, işi icra edənlər kəsdikləri ağacları yük maşınına yığıb ərazidən uzaqlaşmağa çalışdılar. Onlarda ağacları kəsmələri üçün icazə sənədinin olub-olmamasını soruşduqda isə icra hakimiyyətindən göndərildiklərini bildirdilər.

Sakinlər deyir ki, ərazidə əvvəllər xeyli sayda ağac, bina sakinlərinin istirahəti və uşaqların əylənməsi üçün müvafiq qurğular və oturacaqlar olub. Son günlərdə isə həyətdəki ağaclar kəsilərək ərazidən uzaqlaşdırılıb, sözügedən qurğular isə sökülüb.

Növbəti diqqəti çəkən məqam isə o oldu ki, bəzi yaşıl və həm də cavan ağacların diblərinin qazılaraq köklərinin yandırılması oldu. Sakinlər isə deyir ki, belə olan halda ağac quruyacaq və onu kəsmək üçün əsaslı səbəb yaranacaq, məqsəd isə budur.

Məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinə yollandıq. Qurum rəsmisi Vadim Surxayev bildirdi ki, paytaxtda aparılan yenidənqurma işlərilə əlaqədar, nəinki mərkəzi prospektlərdə, eləcə də məhəllədaxili yollarda da təmir işləri gedir. Bu, məqsədlə Telnov 8 ünvanında da yeni park salınması nəzərdə tutulur. Eskiz layihə də hazırlanıb.

Memar Vadim Surxayev onu da bildirdi ki, “Ərazidəki ağacların budanması və kəsilməsi eskiz layihəyə uyğun aparılır. Çünki bəzi hissələrdə ağaclar keçidlərin yaradılmasına imkan vermir. Sakinlər isə əmin ola bilər ki, ərazidə heç bir yaşayış obyekti tikilməyəcək. Sentyabr ayında park sakinlərin istifadəsinə veriləcək”.