Xalça muzeyi qapılarını seyrçilərin üzünə açdı

Xalqca

Azərbaycan xalçalarından danışarkən yadıma müharibə illəri düşür. Kənd-kənd gəzən əcnəbilər nənələrimizin evindəki ən gözəl cehizlik xalçaları su qiymətinə alıb aparırdılar. O dönəm pula ehitiyacı olan sadə kəndli nə etdiyinin fərqində deyildi. İndi dünyanın möhtəşəm muzeylərində, mehmanxanaların girişində həmin xalçalarımıza rast gəlinir. Hətta, prezident İlham Əliyev də xalça muzeyinin açılışında etiraf etdi ki o, xarici səfərləri zamanı xalçalarımızı görən kimi tanyır.

XALQ.AZ-ın məlumatına görə, Xalça muzeyinin müəllifi tanınmış avstriyalı memar Frans Yantsdır. Bu gün bu binanın hələ ki, dünyada oxşarı yoxdur, amma gələcəkdə olmayacağına təminat da yoxdur. İndiki vaxtda bu nadir gözəlliyi bizə bəxş etdiyi üçün avstriyalı memara təşəkkür düşür. Zənnimcə, Xalça muzeyi kimi bundan yaxşısını düşünüb tapmaq olmazdı.

Bükülmüş xalça bu gün öz qapılarını seyrçilərin üzünə açdı. Hər şey əvvəldən düşünülmüşdü. Çal-çağır, muğam-segah…Hətta ilk ziyarətçiyə hədiyyəyə qədər düşünülmüşdü. Ziyarətçini çox gözləməli olduq, gəlib çıxmadı. Sən demə, ziyarətçi uzaq Saratovdan gəlirmiş. Zarafat edirəm. Sadəcə, saratovlu xanımın muzeyə baxmaq üçün bir gün qabaqcadan gəldiyini, amma buraxılmadığını nəzərə alıb hədiyyəni ona verdilər. O, da yaşadığı ölkəyə Azərbaycandan xatirə kimi həm də gözəl xalçanı aparacağını dedi. Bizi xalçalar aləminə aparmaq üçün isə heç bir bələdçi lazım olmadı. Hər yan gözəllikdir. 13300 eksponat və əşyanın saxlanıldığı muzeydə Azərbaycanın 7 əsas məktəbini – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəbini təmsil edən sənət nümunələri var. Buranı gəzdikcə, muzeyin itirdiklərimizin hesabına daha da gözəl ola biləcəyini düşünürsən.

Amma harda olsalar da yenə də o xalçalar Azərbaycanın adına yazılır. Məsələn,16-cı əsrə aid Şeyx Səfi xalçasının originalını İngiltərənin Viktoriya və Albert muzeyində görənlər surətini bizim Xalça muzeyində görə bilərlər. Mənsə, bu nəhəng xalının ətrafında Londonda yaşayan bir azərbaycanlı xanımı gördüm. Ondan Şeyx Səfini yaşadığı şəhərin muzeyində görərkən hansı hissləri keçirdiyini soruşdum.

Ziyarətçi Sevil Aslanova deyir ki, “Mən hər dəfə ora gedəndə bir qürur hiss keçirirəm. Həqiqətən də üzərində Ərdəbil xalçası yazıldığına, eyni zamanda da Azərbaycanın bir parçası olduğuna görə, bundan qürur hissi keçirirəm”.

Qısası, bu muzeydə çox şey möhtəşəmdir. Təkcə bir məsələdən başqa. Xalçalarla bağlı dolğun informasiyalar yoxdur. Məsələn, bir ziyarətçi kimi məni Şeyx Səfi xalçasına vurulan ilmələrin sayı, onun eni və uzunu, hansı şəraitdə və kim üçün toxunduğu maraqlandırardı. Amma bu monitorlarda bu haqda hər hansı informasiyaya rast gəlmədim. Muzeyin direktoru Röya Tağıyeva zamanla bu məsələlərin yoluna qoyulacağını deyir. O, həm də sizə hamının marağında olan informsiyanı deyəcək.

Xalça Muzeyinin direktoru Röya Tağıyevanın sözlərinə görə, Xalça muzeyinə giriş biletlərin qiyməti 1-2 AZN arasında dəyişir.

Məncə neçəyə də olsa, baxmağa dəyər. Gedin, burda sizi ayağımızın altındakı xalılar yox, gözümüz üstündəki xalılar gözləyir.